Akademik İsa Həbibbəyli: Azərbaycanın yaşıl inkişaf strategiyasının müasir şəhərsalma siyasəti ilə əlaqələndirilməsi vacibdir
Okt 21, 2026 | 21:00 / Konfranslar, iclaslar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, AR ETN Molekulyar Biologiya İnstitutu və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda beynəlxalq elmi simpoziumun açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli geniş məzmunlu çıxış edib. O, öz çıxışında ilk növbədə tədbirin müasir dövrün aktual çağırışlarından birinə həsr olunduğunu vurğulayıb. AMEA-nın prezidenti şəhərsalmanın ekoloji tarazlığın qorunması, biomüxtəlifliyin mühafizəsi və insan sağlamlığının təmin olunması ilə qarşılıqlı əlaqədə araşdırılmasının mühüm elmi və ictimai əhəmiyyət daşıdığını bildirib.
O, Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin ölkədə müasir şəhərsalma prinsiplərinin təşviqi, ekoloji dayanıqlılığın gücləndirilməsi və sağlam yaşayış mühitinin yaradılması baxımından xüsusi önəm daşıdığını bildirib. İl çərçivəsində AMEA-da da bu istiqamətdə müxtəlif elmi tədbirlərin keçirildiyini söyləyən akademik İsa Həbibbəyli hazırkı simpoziumun şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinin kompleks şəkildə öyrənilməsi, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıda duran elmi vəzifələrin dəqiqləşdirilməsi üçün mühüm platforma olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli bildirib ki, XXI əsr yaşıl inkişaf, alternativ enerji mənbələri, ekoloji məsuliyyət, yaşıl iqtisadiyyat, ağıllı şəhər və kənd konsepsiyalarının ön plana çıxdığı yeni sivilizasiya mərhələsidir. Bu dəyişikliklər yalnız enerji və sənaye sahələrini deyil, şəhərsalma, təbii resurslardan istifadə, ətraf mühitin mühafizəsi və insanların həyat keyfiyyətinin yüksəldilməsi kimi istiqamətləri də əhatə edir. Yaşıl sivilizasiya anlayışı isə ekoloji yanaşmalarla yanaşı, iqtisadi, texnoloji və sosial inkişafın vahid sistem daxilində uzlaşdırılmasını nəzərdə tutan daha geniş məzmun daşıyır.
AMEA prezidenti Azərbaycanın yaşıl inkişaf strategiyasının müasir şəhərsalma siyasəti ilə əlaqələndirilməsinin vacibliyini vurğulayaraq, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinin bu baxımdan əhəmiyyətinə toxunub. Bildirib ki, Böyük Qayıdış çərçivəsində yeni yaşayış məntəqələrinin salınması və infrastrukturun qurulması yalnız tikinti işləri ilə məhdudlaşmamalı, ekoloji tarazlığın qorunması, alternativ enerji mənbələrinin tətbiqi və dayanıqlı yaşayış mühitinin yaradılması prinsiplərinə əsaslanmalıdır.
Akademik İsa Həbibbəyli simpoziumun şəhərsalmanın ətraf mühitə, bioloji müxtəlifliyə və insan sağlamlığına təsirlərinin elmi əsaslarla araşdırılması, müxtəlif elm sahələri arasında əməkdaşlığın genişləndirilməsi və dayanıqlı urban mühitinin formalaşdırılmasına yönəlmiş səmərəli təkliflərin hazırlanması baxımından əhəmiyyətini qeyd edib.