I Milli Leyşmanioz Konfransında Molekulyar Biologiya İnstitutunun nümayəndələri çıxış ediblər + Foto
Noy 02, 2026 | 18:36 / Konfranslar, iclaslar
Bakı şəhərində beynəlxalq iştirakla “Leyşmaniozun müasir diaqnostikası, müalicəsi və profilaktikasına multidissiplinar yanaşmalar” mövzusunda I Milli Leyşmanioz Konfransı keçirilib.
Konfrans AR SN V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, AR KTN Baytarlıq Elmi-Tədqiqat İnstitutu və AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir xarici ölkələrdən dəvət olunmuş mütəxəssisləri, yerli alimləri, səhiyyə və laboratoriya mütəxəssislərini bir araya gətirərək leyşmaniozun epidemiologiyası, laborator diaqnostikası, müalicə strategiyaları və profilaktikasına dair aktual elmi-praktik məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.
Konfransın açılış mərasimində AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru, akademik İradə Hüseynovanın video müraciəti təqdim olunub.
Akademik İradə Hüseynova çıxışında konfrans iştirakçılarını öz adından, rəhbərlik etdiyi institutun kollektivi və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi adından salamlayaraq tədbirin ölkəmizin səhiyyəsi, tibb və biologiya elmləri üçün əhəmiyyətini vurğulayıb. O, konfransın təşkilatçılarını, xüsusilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun kollektivini təbrik edərək institutun ölkənin epidemioloji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu qeyd edib.
Akademik son illərdə professor Adil Allahverdiyevin rəhbərliyi ilə institutun elmi potensialının gücləndiyini, elmi tədqiqatların səviyyəsinin yüksəldiyini, beynəlxalq əlaqələrin genişləndiyini və müasir biotibbi problemlərin həllinə yönəlmiş yeni imkanların yarandığını diqqətə çatdırıb. O, keçirilən konfransı bu müsbət inkişafın əyani nümunəsi kimi dəyərləndirib.
Leyşmaniozun tibb, biologiya, ekologiya və epidemiologiyanın kəsişməsində dayanan ciddi problem olduğunu bildirən akademik iqlim dəyişiklikləri, urbanizasiya və ətraf mühitdə baş verən dəyişikliklərin xəstəliyin yayılma xüsusiyyətlərinə təsir göstərdiyini qeyd edib.
Çıxışında müasir elmi-texnoloji nailiyyətlərin xəstəliyin öyrənilməsi və onunla mübarizədə yaratdığı imkanlara xüsusi diqqət yetirən akademik İradə Hüseynova molekulyar biologiya, biokimya, genetika və biotexnologiyanın parazitin dəqiq aşkarlanması və identifikasiyası, xəstəliyin molekulyar mexanizmlərinin araşdırılması, yeni diaqnostik və müalicə yanaşmalarının hazırlanmasındakı rolunu qeyd edib. Eyni zamanda, bioinformatika, rəqəmsal texnologiyalar və süni intellektin epidemioloji monitorinq, risklərin qiymətləndirilməsi və diaqnostik imkanların genişləndirilməsi baxımından açdığı yeni perspektivlərdən bəhs edib.
Akademik həmçinin insan, heyvan və ətraf mühit sağlamlığını vahid sistem çərçivəsində nəzərə alan “Vahid Sağlamlıq” yanaşmasının əhəmiyyətini vurğulayaraq belə mürəkkəb problemlərin həllinin yalnız bir elmi istiqamətin imkanları ilə məhdudlaşmadığını diqqətə çatdırıb. Natiq konfrans çərçivəsində aparılacaq müzakirələrin ölkəmizdə leyşmaniozla mübarizə üzrə milli strategiyanın formalaşdırılmasına, eləcə də biologiya və tibb elmləri arasında multidissiplinar əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Akademik İradə Hüseynova çıxışının sonunda professor Adil Allahverdiyev başda olmaqla konfransın təşkilatçılarına təşəkkürünü bildirib, iştirakçılara səmərəli müzakirələr, uğurlu nəticələr və yeni elmi nailiyyətlər arzulayıb.
Konfransın açılış mərasimində, həmçinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Pənah Muradov çıxış edib. O, leyşmaniozun bioloji və mikrobioloji aspektlərinə toxunaraq xəstəliyin öyrənilməsində elmi-tədqiqat institutları arasında inteqrasiyanın və multidissiplinar əməkdaşlığın vacibliyini qeyd edib.
Konfrans plenar və paralel sessiyalarda elmi məruzələrin təqdimatı və müzakirələri ilə davam edib.