sa sa 223
Pakistanın Pəncab Universitetinin alimləri Molekulyar Biologiya İnstitutunda olublar + Foto Noy 06, 2026 | 15:56 / Seminarlar

Pakistan İslam Respublikası Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin Bitki transformasiyası bölməsinin rəhbəri, professor Abdul Qayyum Rao və həmin mərkəzin Toxum biotexnologiyası laboratoriyasının müdiri, doktor Allah Bakhsh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda olublar.

Səfər çərçivəsində pakistanlı alimlər institutun maddi-texniki bazası, elmi-tədqiqat laboratoriyaları, burada həyata keçirilən elmi-tədqiqat işləri, eləcə də gənc alim və mütəxəssislərin fəaliyyəti ilə tanış olublar. Qonaqlara institutun elmi potensialı, müasir tədqiqat imkanları və molekulyar biologiya, genetika və biotexnologiya sahələrində əldə olunan nəticələr barədə məlumat verilib.

Daha sonra qonaq alimlərin iştirakı ilə elmi seminar keçirilib. Seminari institutun direktoru, akademik İradə Hüseynova açaraq qonaqları salamlayıb. O, Azərbaycan və Pakistan arasında elmi əlaqələrin inkişafı baxımından belə görüşlərin əhəmiyyətini vurğulayıb, bitki biotexnologiyası, molekulyar genetika və müasir genom texnologiyaları sahələrində təcrübə mübadiləsinin, birgə tədqiqatların və akademik əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Seminarda professor Abdul Qayyum Rao “Genetik modifikasiya və genom redaktəsi texnologiyaları vasitəsilə bitki əlamətlərinin yaxşılaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. O, bitkilərin genetik xüsusiyyətlərinin məqsədyönlü yaxşılaşdırılmasında müasir biotexnoloji yanaşmaların imkanlarından bəhs edib. Məruzədə genom redaktəsi texnologiyalarının tətbiqi, kənd təsərrüfatı bitkilərinin əlverişsiz mühit amillərinə və müxtəlif streslərə davamlılığının artırılması, eləcə də bitki əsaslı vaksinlərin hazırlanması istiqamətində aparılan tədqiqatların nəticələri və perspektivləri diqqətə çatdırılıb.

Məruzə ətrafında geniş elmi müzakirələr aparılıb, professor Abdul Qayyum Rao iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Tədbir çərçivəsində Pəncab Universitetinin nümayəndələri ilə Molekulyar Biologiya İnstitutunun rəhbərliyi və alimləri arasında ikitərəfli görüş də keçirilib. Görüşdə iki elmi müəssisə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, birgə elmi-tədqiqat layihələrinin hazırlanması, tədqiqatçı və gənc alimlərin mübadiləsi, eləcə də kadr hazırlığı və təcrübə mübadiləsi imkanları müzakirə olunub.

Elmi seminar və ikitərəfli görüş Azərbaycan və Pakistan alimləri arasında əlaqələrin genişləndirilməsi, müasir biotexnologiya sahəsində elmi təcrübə mübadiləsinin gücləndirilməsi və birgə tədqiqat təşəbbüslərinin həyata keçirilməsi üçün yeni imkanlar baxımından əhəmiyyət daşıyır.