sa sa 42
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ,Video Noy 09, 2026 | 00:40 / Mühüm hadisələr

Hər il noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı xalqımızın milli kimliyini, dövlət müstəqilliyini, suverenliyini və milli birliyini təcəssüm etdirən müqəddəs dövlət rəmzlərindən biridir.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il noyabrın 9-da keçirilən iclasında üçrəngli Dövlət Bayrağı qəbul edilmişdir. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu bayraq dövlət rəmzi statusunu itirsə də, xalqımızın müstəqillik və azadlıq ideallarının rəmzi olaraq yaşamaqda davam etmişdir.

1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmiş, eyni zamanda onun Azərbaycanın dövlət rəmzi kimi tanınması məsələsi qaldırılmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı yenidən Dövlət Bayrağı kimi təsdiq etmişdir. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin dövlət rəmzlərinə varisliyini təsdiqləmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir.

Bu gün üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyinin, milli həmrəyliyinin və suverenliyinin rəmzi kimi ölkəmizin hər bir guşəsində, beynəlxalq tədbirlərdə və mötəbər mərasimlərdə dalğalanır. Dövlət Bayrağına ehtiram göstərmək dövlətçilik ənənələrimizə, tarixi irsimizə və milli dəyərlərimizə hörmətin ifadəsidir.

Bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik edir, ölkəmizə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayırıq!

Yaşasın Azərbaycan Bayrağı!