sa sa 6
10 noyabr – Ümumdünya Elm Günüdür Noy 11, 2026 | 16:00 / Mühüm hadisələr

Hər il noyabrın 10-da bütün dünyada Ümumdünya Elm Günü qeyd olunur. Bu əlamətdar gün 2001-ci ildə UNESCO tərəfindən təsis edilmiş, 2002-ci ildən etibarən isə beynəlxalq səviyyədə qeyd olunmağa başlanmışdır.

Ümumdünya Elm Gününün əsas məqsədi elmin cəmiyyətin həyatındakı rolunu diqqətə çatdırmaq, elmi nailiyyətlərin geniş ictimaiyyətlə bölüşülməsini təşviq etmək, alimlərlə cəmiyyət arasında əlaqələri möhkəmləndirmək, eləcə də sülh və davamlı inkişafın təmin olunmasında elmin əhəmiyyətini vurğulamaqdır.

Elm müasir cəmiyyətin inkişafının, innovasiyaların və texnoloji tərəqqinin əsas hərəkətverici qüvvəsidir. İqlim dəyişiklikləri, qida təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, enerji təminatı və insan sağlamlığının qorunması kimi qlobal problemlərin həllində elmi tədqiqatlar mühüm rol oynayır. Xüsusilə molekulyar biologiya, genetika, biotexnologiya və digər həyat elmləri sahələrində əldə olunan nailiyyətlər insanların həyat keyfiyyətinin yüksəldilməsinə, xəstəliklərin diaqnostikası və müalicəsinə, kənd təsərrüfatının inkişafına və bioloji müxtəlifliyin qorunmasına geniş imkanlar yaradır.

Bu gün elmin inkişafı yalnız yeni biliklərin əldə edilməsi deyil, həm də həmin biliklərin cəmiyyətin rifahı naminə tətbiqi deməkdir. Gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və elmi potensialın gücləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Ümumdünya Elm Günü münasibətilə bütün alimləri, tədqiqatçıları və elmi ictimaiyyətin nümayəndələrini təbrik edir, onlara yeni elmi nailiyyətlər, uğurlu tədqiqatlar və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq!