12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Noy 12, 2026 | 11:00 / Mühüm hadisələr
Hər il noyabrın 12-də Azərbaycanda Konstitusiya Günü qeyd olunur. Bu əlamətdar gün müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının formalaşması və möhkəmləndirilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının müstəqillik tarixində mühüm hadisələrdən biri olan ilk milli Konstitusiyamız 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si müstəqil Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının ilk milli Konstitusiyası xalqın dövlətçilik iradəsini və suverenliyini əks etdirən fundamental hüquqi sənəddir. Konstitusiyanın qəbul edilməsi demokratik inkişaf, hüquqi dövlətçilik və insan hüquqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə ehtiva edən mühüm tarixi hadisədir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini, qanunun aliliyini, demokratik idarəetmə prinsiplərini və vətəndaş cəmiyyətinin inkişafını əsas prioritetlər kimi müəyyən edir. Əsas Qanun ölkəmizdə dövlət hakimiyyətinin təşkilinin, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin fəaliyyətinin hüquqi çərçivəsini müəyyənləşdirir, cəmiyyətin və dövlətin inkişafı üçün fundamental prinsipləri özündə əks etdirir.
Konstitusiya Günü Azərbaycan xalqının dövlətçilik ənənələrinə, müstəqilliyinə və hüquqi dövlət quruculuğuna sadiqliyinin ifadəsidir.