17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günüdür
Noy 17, 2026 | 10:00 / Mühüm hadisələr
Noyabrın 17-si -Azərbaycanda Milli Dirçəliş Günüdür. Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü ölkənin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
1988-ci ilin noyabrında Şuşanın Topxana meşəsində ağacların kəsilməsi və ərazidə tikinti işlərinin aparılması ilə bağlı yayılan məlumatlar Azərbaycanda böyük narazılıq doğurdu. Qarabağda baş verən hadisələrə, milli maraqlara etinasız münasibətə və yaranmış gərginliyə etiraz edən yüz minlərlə insan Bakının əsas meydanına toplaşdı. Noyabrın 17-də başlayan mitinqlər qısa müddətdə geniş xalq hərəkatına çevrildi.Həmin gün minlərlə insan Azərbaycanın suverenliyi, milli müstəqilliyi, ərazi bütövlüyü və xalqın hüquqlarının müdafiəsi tələbi ilə meydana toplaşmışdı. Noyabrın 17-dən dekabrın 4-dək davam edən kütləvi mitinqlər Azərbaycanın ictimai-siyasi həyatında dönüş nöqtəsinə çevrildi. Bu hadisələr xalqın milli oyanışında və müstəqillik uğrunda mübarizəsində mühüm dönüş nöqtəsi oldu. Beləliklə, 1988-ci ilin noyabrında başlayan proseslər Azərbaycanın dövlət müstəqilliyinə aparan tarixi yolun mühüm başlanğıcına çevrildi.
1992-ci ildən etibarən 17 Noyabr - Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu günün əsas mənası milli birlik, azadlıq, müstəqillik və Vətənə bağlılıq ruhunun təcəssümüdür.
17 Noyabr - Milli Dirçəliş Günümüz mübarək!