“Molekulyar Biologiya " ixtisası üzrə dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib + Foto
Noy 17, 2026 | 17:00 / Mühüm hadisələr
Noyabrın 17-də AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunda Bioadaptasiya laboratoriyasının elmi işçisi Səidə Tofiq qızı Zülfüqarovanın 2415.01 -“Molekulyar Biologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Stresə həssaslığına görə fərqlənən buğda (Triticum aestivum L.) genotiplərində istilik şoku zülallarının və antioksidant fermentlərin genlərinin ekspressiyasının tədqiqi” mövzusunda dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib.
Dissertasiya işinin elmi rəhbəri Mlekulyar Biologiya İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovadır. Dissertasiya işinə dair rəsmi rəylər AR ETN Genetik Ehtiyatlar İnstitutunun Biokimyəvi genetika və texnologiya şöbəsinin müdiri, biologiya elmləri doktoru, dosent Hamlet Sadıqov və REA Biologiyanın Fundamental Problemləri İnstitutunun Suyun fotosintetik oksidləşməsi laboratoriyasının müdiri v.i.e. biologiya elmləri doktoru Tatyana Savçenko tərəfindən təqdim edilib.
İnstitutun Seminar şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva iştirakçıları iddiaçının anket məlumatları ilə tanış etdikdən sonra çıxış üçün söz Səidə Zülfüqarovaya verilib.
İddiaçı tədqiqatın mahiyyəti və əsas nəticələri barədə məlumat verərək mövzunun aktuallığını, tədqiqatın məqsəd və vəzifələrini, eləcə də əldə edilmiş elmi yenilikləri diqqətə çatdırıb. O, bildirib ki, tədqiqatın nəticələri yumşaq buğdada istilik stresinə adaptasiyanın mexanizmləri üzrə mövcud elmi biliklərin daha da genişləndirilməsinə töhfə verir. Dissertasiyanın əsas elmi müddəaları molekulyar biologiya, bitki fiziologiyası, genetika və seleksiya istiqamətlərində gələcək tədqiqatların aparılması üçün nəzəri və metodoloji baza kimi istifadə oluna bilər.
İddiaçının çıxışından sonra mövzu ətrafında müzakirələr aparılıb və Səidə Zülfüqarova seminar iştirakçılarının suallarını cavablandırıb.
Səsvermənin nəticəsi əsasında Səidə Zülfüqarovanın dissertasiya işinin əsas müdafiəyə buraxılması qərara alınıb.