Molekulyar Biologiya İnstitutunda “Biofizika” ixtisası üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib + Foto
Noy 20, 2026 | 14:55 / Mühüm hadisələr
Noyabrın 20-də AR ETN Molekulyar Biologiya İnstitutunun dissertantı, biologiya üzrə fəlsəfə doktoru Leylaxanım Ərəstun qızı Məlikovanın 2406.01 – “Biofizika” ixtisası üzrə biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Onkologiyada multidissiplinar yanaşmalar: cfDNT və ctDNT-nin kliniki əhəmiyyətinin fərdiləşdirilmiş müalicədə qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Tədqiqat işinin elmi məsləhətçiləri akademik Cəmil Əliyev və AMEA-nın müxbir üzvü Oqtay Qasımov, rəyçiləri isə fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev, biologiya elmləri doktoru Hüseyn Abıyev və tibb elmləri doktoru, dosent Suzən Vətənxa olub.
İclas akademik İradə Hüseynovanın sədrliyi ilə keçirilib. İnstitutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Durna Əliyeva iddiaçının anket məlumatlarını iştirakçıların diqqətinə çatdırdıqdan sonra söz Leylaxanım Məlikovaya verilib.
İddiaçı tədqiqat işinin əsas müddəaları, aktuallığı və əldə olunan nəticələr barədə məlumat verib. O, qeyd edib ki, tədqiqatın məqsədi onkologiyada multidissiplinar və fərdiləşdirilmiş yanaşmalar çərçivəsində qanda dövr edən sərbəst DNT-nin (cfDNT) və şiş mənşəli DNT-nin (ctDNT) preanalitik və analitik xüsusiyyətlərini, onların molekulyar diaqnostika və dinamik monitorinqdə tətbiq imkanlarını qiymətləndirmək, həmçinin bu biomarkerlərin klinik, radioloji və molekulyar-genetik göstəricilərlə inteqrasiyasının fərdiləşdirilmiş müalicə və xəstələrin dinamik müşahidəsi baxımından klinik əhəmiyyətini müəyyənləşdirməkdən ibarətdir.
Dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb, təklif və iradlar səsləndirilib. Leylaxanım Məlikova verilən sualları cavablandırıb, irad və təkliflərə münasibət bildirib. İclasın sonunda dissertasiya işinin müdafiənin növbəti mərhələsinə buraxılması haqqında qərar qəbul olunub.