Molekulyar Biologiya İnstitutunda struktur vahidlərinin 2026-cı il üzrə illik hesabatlarının dinlənilməsinə başlanılıb + Foto
Noy 23, 2026 | 16:34 / Konfranslar, iclaslar
Noyabrın 23-də AR ETN Molekulyar Biologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun direktoru, akademik İradə Hüseynova iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib.
İclasda Fotobioenergetika və yaşıl enerji laboratoriyası, Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyası, Torpaq və su mikrobiologiyası laboratoriyası, eləcə də Elmi kadrların hazırlığı sektorunun 2026-cı il üzrə illik hesabatları dinlənilib.
Müvafiq olaraq, laboratoriya və sektor rəhbərləri – biologiya elmləri doktoru Yaşar Feyziyev, AMEA-nın müxbir üzvləri Oktay Qasımov və Pənah Muradov, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova hesabat məruzələri ilə çıxış ediblər.
Məruzələrdə il ərzində həyata keçirilmiş elmi-tədqiqat işlərinin əsas istiqamətləri, əldə olunan mühüm elmi nəticələr, elmi nəşrlər, kadr hazırlığı sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Həmçinin əməkdaşların elmi ezamiyyətləri, yerli və beynəlxalq elmi tədbirlərdə iştirakı, yerli və xarici elmi jurnallarda dərc olunmuş məqalələri diqqətə çatdırılıb.
Hesabatların müzakirəsi zamanı Elmi Şura üzvləri təqdim olunan nəticələri qiymətləndirib, müvafiq fikir və təkliflərini bildiriblər. Müzakirələrin yekununda bütün hesabatlar yekdilliklə qəbul edilib.
İnstitutda laboratoriya, şöbə və sektorların 2026-cı il üzrə illik hesabatlarının dinlənilməsi növbəti iclaslarda davam etdiriləcək.