sa sa 31
“Molekulyar Biologiya " ixtisası üzrə dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib + Foto Noy 25, 2026 | 13:11 / Mühüm hadisələr

Noyabrın 25-də AR ETN Molekulyar Biologiya İnstitutunun dissertantı İlhamə Əhməd qızı Cəfərlinin 2405.01 – “Molekulyar biologiya” ixtisasında biologiya ürzə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Genital anomaliyaların və androgenə həssassızlıq sindromunun diaqnostika və rekonstruksiyasında androgen reseptorlarının rolu” mövzusunda dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbərləri akademik İradə Məmməd qızı Hüseynova və professor Mohamed Baky Fahmydir. İşə rəsmi rəylər AMEA-nın müxbir üzvü İlham Şahmuradov və tibb üzrə fəlsəfə doktoru Kəmalə Heydərova tərəfindən təqdim olunub.

İclas biologiya elmləri doktoru Kərim Qasımovun sədrliyi ilə keçirilib. İnstitutun Seminar şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva iştirakçıları iddiaçının anket məlumatları ilə tanış etdikdən sonra çıxış üçün söz İlhamə Cəfərliyə verilib.

İddiaçı dissertasiya işinin əsas müddəalarını təqdim edərək tədqiqatın aktuallığı, məqsədi və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, androgen hormonlarının təsiri müxtəlif toxumalarda fərqli şəkildə özünü göstərir. Keloidlərin əmələ gəlməsində androgen siqnal yollarının və androgen reseptorlarının mühüm rol oynaya biləcəyi müəyyən edilib. Bu proses yalnız hormonların miqdarından deyil, həm də reseptorların quruluşundan, hüceyrədaxili molekulyar qarşılıqlı təsirlərdən və genlərin fəaliyyətini tənzimləyən mexanizmlərdən asılıdır. Androgen siqnalının tənzimlənməsinin keloidlərin müalicəsi üçün yeni terapevtik imkanlar yarada biləcəyi də vurğulanıb.

İddiaçının çıxışından sonra mövzu ətrafında müzakirələr aparılıb və İlhamə Cəfərli seminar iştirakçılarının suallarını cavablandırıb.

Səsvermənin nəticəsi əsasında İlhamə Cəfərlinin dissertasiya işinin əsas müdafiəyə buraxılması qərara alınıb.