sa sa 30
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub + Foto Noy 25, 2026 | 20:00 / Yubileylər

Azərbaycan Tibb Universitetində (ATU) görkəmli alim, akademik, tibb elmləri doktoru, professor Adilə Namazovanın anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konfransın açılış mərasimində səhiyyə naziri Anar Bayramovun salamlarını konfrans iştirakçılarına çatdıran nazir müavini İlqar Qasımov bildirib ki, Adilə Namazovanın adı Azərbaycan səhiyyəsinin, xüsusilə pediatriya elminin inkişaf tarixinə qızıl hərflərlə yazılıb. O, alimin çox sayda elmi əsərinin, uzun illər davam edən pedaqoji fəaliyyətinin, həkim-pediatrların yetişdirilməsinə və ölkəmizdə güclü pediatriya məktəbinin formalaşmasına verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb. Həmçinin tarixi irsin, keçmişin və fədakar insanların xidmətlərinin unudulmamasının vacibliyini qeyd edib.

Ana və uşaq sağlamlığının qorunmasının Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biri olduğunu da xatırladan nazir müavini uşaqların sağlam böyüməsi və xəstəliklərin profilaktikasının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini diqqətə çatdırıb.

İlqar Qasımov çıxışının sonunda Adilə Namazovanın zəngin elmi irsinin və pedaqoji fəaliyyətinin gələcək nəsil həkimlər üçün bundan sonra da örnək olacağına, alimin yaratdığı elmi ənənələrin daim yaşayacağına əminliyini ifadə edib.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxışında akademik Adilə Namazovanın həyat və fəaliyyətinin Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb.

Rektor Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı Adilə Namazovanın ölkəmizin tibb elminin görkəmli simalarından biri olduğunu xüsusi vurğulayıb. Gəray Gəraybəyli qeyd edib ki, Adilə Namazovanın adı Azərbaycan pediatriyasının inkişaf tarixi ilə ayrılmaz şəkildə bağlıdır. O, elmi fəaliyyəti, klinik təfəkkürü, pedaqoji yanaşması və təşkilatçılıq bacarığı ilə milli pediatriya elminin formalaşmasına və institusional inkişafına mühüm töhfələr verib.

ATU rəhbəri Adilə Namazovanın Azərbaycan tibb elmi qarşısında ən böyük xidmətlərindən birinin yaratdığı və inkişaf etdirdiyi elmi məktəb olduğunu da vurğulayıb. Belə ki, alimin rəhbərlik etdiyi kafedrada elmi tədqiqat, klinik fəaliyyət və tədris vahid sistem şəklində inkişaf edib. Bu yanaşma gələcək pediatrların yalnız nəzəri bilik və praktik bacarıqlara yiyələnməsini deyil, həm də müstəqil klinik düşüncə tərzinin formalaşmasını, elmi sübutlara əsaslanan qərarlar qəbul etməsini və həkimlik peşəsinin mənəvi məsuliyyətini dərk etməsini təmin edib.

Rektor A.Namazovanın rəhbərliyi ilə 70-ə yaxın tibb elmləri doktoru və tibb üzrə fəlsəfə doktorunun hazırlanmasını, 400-dən artıq elmi əsərin, monoqrafiya və dərsliklərin işıq üzü görməsini onun çoxşaxəli fəaliyyətinin miqyasının göstəricisi kimi dəyərləndirib: "Akademik Adilə Namazovanın yaratdığı elmi mühit, formalaşdırdığı düşüncə tərzi və davamçılarının sonrakı fəaliyyətinin cəmiyyətə təsiri də həmin irsin ayrılmaz hissəsidir. Bu elmi məktəb Azərbaycan tibb təhsilinin və pediatriya elminin mühüm intellektual sərvətlərindən biridir".

Gəray Gəraybəyli çıxışının sonunda akademik Adilə Namazovanın həyat və fəaliyyətinin gələcək həkim və tədqiqatçılar üçün daim nümunə olacağına əminliyini bildirib.

Milli Məclisin deputatı Müşfiq Məmmədov isə üç komitə sədrinin təbriklərini və xoş arzularını tədbir iştirakçılarına çatdırıb. O, Adilə Namazovanın həyat və fəaliyyətinin insan əzminin, zəhmətkeşliyin və qarşıya qoyulan strateji məqsədə çatmaq iradəsinin parlaq nümunəsi olduğunu vurğulayıb. Deputat Ağdamın Seyidli kəndində dünyaya göz açan sadə bir kənd qızının öz əzmi, cəsarəti və çalışqanlığı sayəsində Azərbaycanın ən aparıcı elm xadimlərindən birinə çevrilməsinə diqqətəlayiq həyat nümunəsi kimi dəyərləndirib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova da çıxışında akademik Adilə Namazovanın çoxillik elmi və həkimlik fəaliyyətinin respublikada pediatriya elminin formalaşmasında mühüm yer tutduğunu bildirib. İradə Hüseynova akademik Adilə Namazovanın şəxsiyyətində həkimlik, alimlik, müəllimlik və ictimai fəaliyyət kimi dörd mühüm keyfiyyətin birləşdiyini bildirib. Onun bütün bu sahələrdə yüksək bacarıq nümayiş etdirdiyini qeyd edərək, Adilə Namazovanın xüsusilə gənclər və gənc xanımlar üçün örnək olduğunu vurğulayıb.

Tədbirdə akademik Adilə Namazovanın yetirməsi, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə alimin elmi, pedaqoji və ictimai fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış edib.

Proqram çərçivəsində akademik Adilə Namazovanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonda akademik Adilə Namazovanın ailəsi adından bacısı Tamella Namazova çıxış edərək, Adilə xanımın əziz xatirəsinin yaşadılmasına göstərilən diqqətə, konfransın yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə, təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Dövlət qurumlarının, elmi müəssisələrin nümayəndələri, tanınmış alimlər, tibb ictimaiyyətinin təmsilçiləri və akademik Adilə Namazovanın yetirmələrinin iştirak etdiyi konfrans öz işini pediatriyanın aktual problemlərinə həsr olunmuş panel iclaslarla davam etdirib.

“Oxu.az”