sa sa 19
Molekulyar Biologiya İnstitutunun əməkdaşı Almaniyada elmi ezamiyyətdə olub + Foto Noy 25, 2026 | 20:38 / Ezamiyyətlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova 30 oktyabr – 15 noyabr 2026-cı il tarixlərində Almaniyanın Osnabrük Tətbiqi Elmlər Universitetində elmi ezamiyyətdə olub.

Ezamiyyət müddətində Azərbaycan və Almaniya mənşəli buğda genotipləri ilə yaradılmış hibrid formaların keçən ildə həyata keçirilmiş geri çarpazlaşdırma işlərinin nəticələri təhlil olunub, əldə edilmiş hibrid materiallar nəzərdən keçirilib və növbəti tədqiqat mərhələsi üçün perspektivli xətlər seçilib. Seçilmiş nümunələrin tədqiqi üçün eksperimental dizayn tərtib edilib yenidən əkilməsi məqsədilə toxum materialları hazırlanıb, onların cücərdilməsi və becərilməsi üzrə eksperimental işlər həyata keçirilib.

Səfər zamanı Samirə Rüstəmova Osnabrük Tətbiqi Elmlər Universitetində bitki seleksiyası ixtisası üzrə təhsil alan magistrantlar üçün mühazirə oxuyub. Mühazirədə beynəlxalq elmi əməkdaşlıq çərçivəsində əldə olunmuş elmi nəticələr haqqında məlumat verilib, buğdanın genetik müxtəlifliyinin öyrənilməsi, genom miqyaslı assosiasiya analizləri və müasir molekulyar-genetik yanaşmaların bitki seleksiyasında tətbiqi tələbələrə izah edilib.

Bundan əlavə, Samirə Rüstəmova əvvəlki dövrdə postdoktoral tədqiqatçı kimi iştirak etdiyi seedalive Fusarium-Test layihəsinin illik hesabat seminarında iştirak edib. S. Rüstəmovanın bu layihə çərçivəsində qısa müddət ərzində əldə etdiyi genom tədqiqatlarının nəticələrinin növbəti mərhələlərin uğurlu olmasında əhəmiyyətli olduğu vurğulanıb.