Molekulyar Biologiya İnstitutunun əməkdaşları Qarabağ iqtisadi rayonunda ekspedisiyada iştirak ediblər + Foto
Noy 26, 2026 | 11:00 / Ezamiyyətlər
AR ETN Molekulyar Biologiya İnstitutunun əməkdaşları 12–21 noyabr 2026-cı il tarixlərində Qarabağ iqtisadi rayonunun ərazisində keçirilən elmi ekspedisiyada iştirak ediblər.
Ekspedisiyanın əsas məqsədi ərazinin su və torpaq ehtiyatlarının, eləcə də bitki örtüyünün monitorinqini aparmaq, elmi-praktiki tədqiqatlar üçün torpaq, su, bitki və yosun nümunələri toplamaq olub. Araşdırmalar bölgənin bitkiçilik potensialının qiymətləndirilməsi, torpaqların keyfiyyətinin öyrənilməsi, bioenerji və bioloji fəal maddələrin əldə edilməsi perspektivlərinin araşdırılması, habelə mövcud ekoloji və aqrar problemlərin həllinə elmi töhfə verilməsi baxımından əhəmiyyət daşıyır.
Ekspedisiya çərçivəsində tədqiqatlar Ağcabədi, Ağdam və Tərtər rayonlarının, həmçinin Şuşa və Xankəndi şəhərlərinin ərazilərində aparılıb.
Toplanmış nümunələr institutun müvafiq laboratoriyalarına gətirilib. Hazırda nümunələr üzərində laborator tədqiqatlar davam etdirilir. Əldə olunacaq nəticələrin Qarabağ iqtisadi rayonunun təbii ehtiyatlarının elmi əsaslarla qiymətləndirilməsinə və bölgənin dayanıqlı inkişafına töhfə verəcəyi gözlənilir.