Molekulyar Biologiya İnstitutunda struktur bölmələrin 2026-cı il üzrə illik hesabatlarının dinlənilməsi başa çatıb + Foto
Noy 27, 2026 | 09:59 / Konfranslar, iclaslar
Noyabrın 26-da AR ETN Molekulyar Biologiya İnstitutunun Elmi Şurasının növbəti iclasında struktur bölmələrin 2026-cı il üzrə illik fəaliyyət hesabatları dinlənilib. Bununla da İnstitutun laboratoriya, şöbə və sektorlarının illik hesabatlarının müzakirəsi başa çatıb.
İclasda Populyasiya genomiksi laboratoriyası, Biotexnologiya və biomühəndislik laboratoriyası, Bioadaptasiya laboratoriyası, Tədqiqatlara dəstək şöbəsi, Təchizat və satınalma sektoru, eləcə də kitabxananın il ərzindəki fəaliyyətinin nəticələri təqdim olunub.
Hesabat məruzələri ilə Populyasiya genomiksi laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayev, Biotexnologiya və biomühəndislik laboratoriyasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi Samirə Rüstəmova, Tədqiqatlara dəstək şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov, Təchizat və satınalma sektorunun müdiri Mürsəl Məmmədov və kitabxanaçı Fatimə Qəhrəmanlı çıxış ediblər.
Məruzələrdə laboratoriyalarda il ərzində aparılmış elmi-tədqiqat işlərinin əsas istiqamətləri, tədqiqatların gedişi, əldə olunan elmi nəticələr, onların elmi və praktiki əhəmiyyəti, elmi nəşrlər və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat verilib. Müzakirələr zamanı əldə olunmuş nəticələr, elmi fəaliyyətin səmərəliliyinin artırılması imkanları, tədqiqatların gələcək inkişaf perspektivləri və prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
İclasda, həmçinin İnstitutun elmi fəaliyyətinin təşkilati və infrastruktur təminatında mühüm rol oynayan struktur bölmələrin fəaliyyəti diqqətə çatdırılıb. Tədqiqatlara dəstək şöbəsinin hesabatında elmi-tədqiqat prosesinin təşkilati və texniki təminatı, laboratoriyalara göstərilən dəstək, Təchizat və satınalma sektorunun hesabatında struktur bölmələrin zəruri avadanlıq, material və ləvazimatlarla təmin edilməsi, satınalma proseslərinin təşkili, kitabxananın hesabatında isə elmi informasiya resurslarının toplanması, sistemləşdirilməsi və əməkdaşların elmi ədəbiyyata çıxışının təmin olunması istiqamətində görülmüş işlər əksini tapıb.
Beləliklə, noyabrın 23-dən etibarən keçirilən hesabat dinləmələri başa çatıb. Bu müddət ərzində İnstitutun laboratoriya, şöbə və sektorlarının illik fəaliyyəti müzakirə olunub, əldə edilmiş elmi nəticələr, elmi nəşrlər, beynəlxalq əməkdaşlıq, kadr hazırlığı və təşkilati fəaliyyət istiqamətləri nəzərdən keçirilib. Hesabat dinləmələri İnstitutun elmi potensialının, struktur bölmələrin fəaliyyətinin və gələcək inkişaf prioritetlərinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.