sa sa 1993
Professor Qərib Mürşüdov Avropa Molekulyar Biologiya Təşkilatına üzv seçilib İyn 14, 2019 | 09:22 / Mühüm hadisələr

Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Struktur Tədqiqatlar Bölməsinin Hesablama kristalloqrafiyası qrupunun rəhbəri, Kembric Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri Qərib Mürşüdov və Kembric Universitetinin qrup rəhbəri Lalita Ramakrişna təkcə Avropadan deyil, eləcə də bütün dünyadan ən nüfuzlu 1800 alimi birləşdirən Avropa Molekulyar Biologiya Təşkilatına (European Molecular Biology Orgaziation (EMBO)) üzv seçiliblər.

Əsası 1964-cü ildə qoyulan Avropa Molekulyar Biologiya Təşkilatı bütün dünyada elmin inkişafına təkan verir. O, hər il elmin inkişafına verdikləri böyük töhfələri nəzərə alaraq yeni üzvlər seçir və bu üzvülük hər bir alim üçün ömür boyu davam edən bir şərəf hesab edilir.

Təşkilatın əsas məqsədi istedadlı tədqiqatçılara onların fəaliyyətlərinin bütün mərhələlərində dəstək olmaq, elmi informasiya mübadiləsini stimullaşdırmaq və alimlər üçün istedadlarının üzə çıxmasına imkan verən mühit yaratmaqdır.

EMBO gənc alimlərə tədqiqatlarında yardım edir, onların beynəlxalq aləmdə nüfuzunu artırır və mobilliyini təmin edir. Təşkil olunan kurslar, konfranslar və EMBO-nun nəşrləri ən son tədqiqatlar haqqında məlumatı yayır və elmi tədqiqat praktikasında yüksək standartlara cavab verən texnologiyaların öyrənilməsi üçün təlimlər təşkil edir.

Zülalların funksiyalarını aydınlaşdırmaq üçün onların üçölçülü quruluşunu öyrənmək zəruridir. Strukturunun təyin edilməsi çətin olan zülalların etibarlı atom modellərini əldə etmək üçün metodların inkişafı və təkmilləşdirilməsi tələb olunur. Qərib Mürşüdovun tədqiqatlarının əsas istiqaməti makromolekulyar kristalloqrafiya və elektron krio-mikroskopik struktur analizlər üçün effektiv riyazi, statistik və hesablama alqoritmlərinin yaradılmasıdır. Onun qrupu həmçinin bu alqoritmləri proqram təminatı şəklində yeni zülal strukturlarının müəyyən edilməsi üçün struktur biologiyası sahəsində olan tədqiqatçılara təqdim edir. Qərib Mürşüdovun qrupu qeyri-dəqiq yaxud məhdud informasiyaya malik zülal strukturlarının təyini üçün metodların işlənib hazırlanmasına daha çox diqqət yetirir. Bu zaman struktur və kimyəvi quruluş haqqında mövcud olan nəzəri biliklər eksperimental məlumatlarla tamamlanır.

Professor Lalita Ramakrişnanın qrupunun apardığı tədqiqatlar isə tüberkülozun patogenezi və bu xəstəliyə çox fərqli həssaslıqların əsaslarının öyrənilməsinə yönəlib.