sa sa 2120
Rəyasət Heyətinin növbəti iclası keçirilib + Foto ,Video Okt 16, 2019 | 18:12 / Konfranslar, iclaslar

Oktyabrın 16-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Öncə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən təltif olunmuş AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına mükafatlar, eləcə də AMEA-nın Xatirə nişanı, “Gənc  kimyaçılar elmdə” müsabiqəsinin qaliblərinə isə sertifikatlar təqdim olunub.

Gündəlikdə yer alan elmi-təşkilati məsələlərdən ilk olaraq AMEA prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Bolqarıstana səfərinin yekunları müzakirə olunub. Akademik Akif Əlizadə AMEA-nın nümayəndə heyətinin Bolqarıstan Elmlər Akademiyasının yaradılmasının 150 illik yubileyi ilə əlaqədar rəsmi mərasimdə iştirakı və səfər çərçivəsində keçirilən görüşlər haqqında məlumat verib. Bildirib ki, səfər çərçivəsində bu ölkənin vitse-prezidenti İliana İotova ilə görüş keçirilib. İki ölkə arasında mövcud elmi əməkdaşlığın müzakirə olunduğunu deyən akademik əlaqələrin bundan sonra daha da genişləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb. Akademik nümayəndə heyətinin Bolqarıstan Respublikasının energetika naziri Temenujka Petkova ilə görüşdüyünü və ona “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təqdim olunduğunu, Bolqarıstan Elmlər Akademiyasının Milli Təbiət Tarixi Muzeyinin ziyarət edildiyini diqqətə çatdırıb. Akademik Akif Əlizadə, həmçinin Bolqarıstan Dövlət Televiziyasına geniş müsahibəsində AMEA-nın son illərdəki fəaliyyəti, həyata keçirilən mühüm layihələr haqqında ətraflı məlumat verdiyini əlavə edib.

İclasda AMEA-nın nümayəndə heyətinin Bolqarıstana səfərinin yekunlarına dair müvafiq qərar qəbul edilib.

Sonra Azərbaycan alimlərinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) fəaliyyəti ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Bundan əlavə, “Elmi kadrlar” Milli İnformasiya Sistemi, elmin populyarlaşdırılması sahəsində AMEA və Azərbaycan Dövlət Televiziyasının birgə fəaliyyəti, eləcə də AMEA-nın fəaliyyətini tənzimləyən normativ-hüquqi xarakterli aktlar və daxili intizam qaydaları ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

Tədbirdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyətinin tərkibi təsdiq olunub, nəşr üzrə 2019-2023-cü illəri əhatə edən iş proqramının hazırlanıb Rəyasət Heyətinin müzakirəsinə təqdim olunması məqsədəuyğun hesab edilib.

İclasda akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun 70 illik yubileyinə həsr olunmuş elmi konfransın keçirilməsi, onun biblioqrafiyasının nəşri və təltif olunması ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması qərara alınıb. Həmçinin akademiklər – Arif Həşimovun 70, Ənvər Nəhmədovun isə 60 illik yubileylərinin qeyd olunması ilə bağlı qərarlar qəbul edilib. Alimlərin yubileylərinə həsr olunmuş elmi sessiyaların keçirilməsi, eləcə də, onların elmi və elmi-təşkilati fəaliyyətləri ilə bağlı materialların kütləvi informasiya vasitələrində işıqlandırılması və s. tapşırıqlar verilib.

Rəyasət Heyətinin digər qərarı ilə AMEA-nın “Həyat elmləri və biotəbabət” jurnalının  redaksiya heyətinin tərkibi təsdiq olunub.

www.science.gov.az