sa sa 1969
Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib. Noy 26, 2019 | 09:36 / Konfranslar, iclaslar

Noyabrın 25-də Bakı Konqres Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunmuş Məzun Forumu keçirilib.

Forumun əsas məqsədi “Universitet – məzun” münasibətləri sistemində inteqrasiya proseslərinin inkişafı, Azərbaycanda təhsilin, elmin və milli mədəni dəyərlərin xaricdə tanıdılması, beynəlxalq təhsil və elmi əməkdaşlığın gücləndirilməsi, karyera qurmaq üçün BDU daxilində mütərəqqi metodların formalaşdırılması və inkişafı üçün insan resurslarının inkişaf etdirilməsidir.

Forumda açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin yaranması tarixindən və ənənələrindən danışıb.  Bildirib ki, 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilən Universitetdə ilk dərs noyabrın 15-ə təsadüf edib. İndiyə qədər 180 minə yaxın məzun bu universiteti bitirib. Onların arasında nazirlər, komitə sədrləri, deputatlar, alimlər, ABŞ-dan Cənubi Koreyaya qədər müxtəlif ölkələrdə fəaliyyət göstərən məzunlar var. Bu illər ərzində universitet özünü elm və təhsil məbədi kimi tanıdıb və bu missiya bu gün də davam edir. İnanıram ki, forum təcrübə mübadiləsinə və yeni əməkdaşlıqların qurulmasına töhfə verəcək. Bizim məzunlarımız öz universitetlərinin daha da inkişaf etməsi üçün səylərini əsirgəməməlidirlər.

Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev bildirib ki, Bakı Dövlət Universiteti həmişə ölkənin qabaqcıl ali təhsil ocağı olub və olacaq. Fəxr edirəm ki, mən də bu universitetin tələbəsi olmuşam. Təhsil aldığım 5 il ərzində universitetdə bilik əldə etmişəm, həyat dərsi keçmişəm. Bu gün bura toplaşmaqda məqsədimiz universitetin bizə verdikləri bəhrənin müəyyən bir hissəsini doğma universitetimizə qaytarmaqdır.

Forumda qloballaşan dünyada universitetlərin rolu, yeni çağırışlar və gözləntilər, universitet məzunlarının gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tələbə kimi qədəm qoyduğu universitetdə sonradan müəllim, baş müəllim, dosent, elmlər namizədi olduğunu və ilk qadın siyasi elmlər doktoru kimi elmi iş müdafiə etdiyini bildirib. Qeyd edib ki, bu universitetdən bir çox ali təhsil ocaqları formalaşıb. Bu universitet bizim taleyimizdə iz qoyub. Dünya dəyişir, yeni peşələr üzə çıxır. Bu istiqamətdə yeni fakültələr formalaşmalıdır. Dəyişən zamana, bu çağırışlara hazır olmaq lazımdır. Hesab edirəm ki, Bakı Dövlət Universiteti bu istiqamətdə öz töhfəsini verəcək».

BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli tələbəsi olduğu universitetdə indi müəllimləri ilə bir sırada pedaqoq kimi çalışmasından qürur duyduğunu söyləyib. Qeyd edib ki, BDU milli dəyərdir. Azərbaycan milli fikrinin, ana dilimizin formalaşmasında, mədəniyyətin təbliğində böyük rol oynayıb. Yubiley, keçirilən yola baxışdır, gələcək haqqında düşünmək üçün fürsətdir.

Forumda iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə ali təhsilli milli kadrların hazırlanması, əhali arasında savadsızlığın aradan qaldırılması üçün əhəmiyyətli addımlar atılıb. Bir əsrlik yaşı olan BDU-nun bu gün özünün müasir dövrünü yaşaması və dünya təhsil sisteminə uğurla inteqrasiya etməsi sevindiricidir.  Nazir müavini BDU və digər ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin əksəriyyətinin bu təhsil müəssisəsinin məzunu olduğunu qeyd edərək BDU-nun məzunlarının  bundan sonra da Azərbaycanın inkişafına böyük töhfə verəcəklərinə əminliyini ifadə edib.

Böyük Britaniyanın Kembriç Universitetinin TTK Molekulyar Biologiya laboratoriyasının professoru Qərib Mürşüdov məzunu olduğu universitetin onun üçün böyük əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, indi də bura gələndə həyəcan keçirirəm. Qazandığım uğurlarımın əsasında bu universitetdə aldığım təhsil dayanır. Universitetlər cəmiyyətin mərkəzindədir. Hesab edirəm ki, müasir dünyada universitet təkcə təhsil verməklə kifayətlənməməli, təhqiqatlar aparmağı da bacarmalıdır. Universitetlər tədqiqat üçün gözəl məkanlardır. Fundamental elmlər universitetdə öyrədilməlidir. Professor Beynəlxalq Məzun Assosiasiyasını yaratmaq təşəbbüsünü irəli sürərək belə bir assosiasiyanın əsasında laboratoriyalar, elmi strukturların fəaliyyətini qurmağın əhəmiyyətini qeyd eib.

Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə bildirib ki, hər bir ölkənin simvolları var. BDU da bizim ölkəmizin simvollarından biridir. Uzun illərdir ki, ölkənin əsas intellektual ordusunu yaradan təhsil ocağıdır. Bu təhsil ocağının DİM-lə əməkdaşlığı var və biz bu əməkdaşlığı davam etdirəcəyik.

XİN-nin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva qeyd edib ki, hazırda Azərbaycanın dünya ölkələrində fəaliyyət göstərən diplomatik nümayəndələrinin əksəriyyəti BDU-nun məzunlarıdır. Biz qazandığımız uğurlara görə müəllimlərimizə və bu ali məktəbə borcluyuq.

Forumda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və digərləri çıxışlarında qloballaşan dünyada universitetlərin yeri və roluna diqqət çəkib, həyatın müxtəlif sahələri kimi təhsil mühitinin də çağırışlarla üzləşdiyini qeyd edərək gələcək inkişafa hesablanmış addımlar atılmasının zəruriliyini bildiriblər. Universitetin keçdiyi ötən 100 il ərzində Azərbaycanın intellektual potensialının formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında, müxtəlif sahələr üzrə yüksəkixtisaslı kadrlar hazırlanmasında mühüm rol oynadığını vurğulayıblar. Universitetin gələcək inkişafı istiqamətində fikir və təkliflərini səsləndiriblər.

Məzun Forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, Almaniyanın Humbolt Universitetinin kafedra müdiri Eva Mariya Aux, “İrs” və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru Musa Mərcanlı, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov forumun məzunlara birgə fəaliyyət istiqamətində gözəl imkan yaradacağına əmin olduqlarını bildiriblər.

İclasda BDU-nun müxtəlif ölkələrdən olan məzunları arasında akademik, elmi, texnoloji və biznes sahələrində əməkdaşlıqlarını möhkəmləndirmək üçün “Beynəlxalq Məzun Assosiasiyası” yaradılıb. İclas mövzu istiqamətində maraqlı müzakirələrin aparılması ilə başa çatıb.

Sonda rektor Elçin Babayev BDU məzunlarına forumda iştirakları, çıxışları və maraqlı təklifləri üçün təşəkkürünü bildirib. Qeyd edib ki, Məzun Forumu təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması üçün əlverişli platformadır.
Xatırladaq ki, forumun 300-dən çox iştirakçısı arasında Bakı Dövlət Universitetinin Azərbaycan, Amerika, Avropa, Yaxın Şərq, Asiya, MDB və dünyanın digər regionlarından olan məzunları, müxtəlif təşkilatların və birliklərin nümayəndələri var.

bsu.edu.az