sa sa 2207
9 mart 2018-ci il tarixində Məsməliyeva Rəfiqənin "Zülal quruluşlarının yoxlanılması problemləri" mövzusunda seminarı keçirilmişdir + Foto Mart 09, 2018 | 14:10 / Seminarlar

9 mart 2018-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda Hesablama Struktur Biologiyası laboratoriyasının elmi işçisi Məsməliyeva Rəfiqə "Zülal quruluşlarının yoxlanılması problemləri" mövzusunda çıxış etmişdir. Mühazirəçinin tədqiqatları Kembric Universitetinin Molekulyar Biologiya laboratoriyasının Kompüter Kristalloqrafiyası qrupunun rəhbəri olan dünya şöhrətli alim, professor Qərib Mürşüdovun rəhbərliyi altında aparılır.
Seminarda Zülal quruluşlarının yoxlanılmasının tarixi icmalı, makromolekulyar quruluşların validasiya kriteriyalar, mövcud yoxlama proqramları - PROCHECK, Coot, MolProbity proqram təminatları haqqında məlumat verildi. Eləcə də seminarda Zülal Verilənlər Bazasına hər quruluş üçün yerləşdirilən yoxlama hesabatına daxil olan statistika müzakirə olundu. Məruzəçinin dissertasiya işinin mövzusu yeni yoxlama metodunun hazırlanmasından ibarətdir. Məruzəçi Hesablama Struktur Biologiyası laboratoriyasının zülal quruluşlarının yoxlanılması üçün yeni metodun hazırlanması istiqamətində aldıqları nəticələrdən və gələcək prespektivlərdən danışdı.

Daha sonra Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Bayramova Nərgiz 12-22 fevral 2018-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Elm Fondunun (ECOSF) və Karaçi Universitetinin dəstəyi ilə Pakistanın Karaçi şəhərində keçirilən Nematalogiya üzrə 5-ci Beynəlxalq təlimdə iştirakı və Milli Nematoloji Tədqiqat Mərkəzində keçdiyi təcrübə haqda hesabat verdi