sa sa 2140
İsa Həbibbəyli fenomeni: yaşamağa da, hiss etməyə də tələsir... Apr 18, 2020 | 16:54 / Nəşrlər

Onun gərgin fəaliyyətini müşahidə edərək bəzən sadəcə olaraq anlaya bilmirəm - onda cürbəcür işlərə bu qədər enerji hardandı?

Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuna rəhbərlik, AMEA-nın birinci vitse-prezidenti vəzifəsi, Milli Məclisin Elm və Təhsil üzrə Parlament Komitəsi sədri qismində iş (Milli Məclisin ötən çağırış fəaliyyət dövrü nəzərdə tutulur - müəl.), müxtəlif  konfrans, simpozium, dəyirmi masaların təşkili, kitab və monoqrafiya, məqalə və esselər yazmaq. Bir də xarici səfərlər, xaricdəki həmkarları ilə elmi əlaqə və münasibətlər qurmaq, dünyanın böyük elm-təhsil mərkəzlərində Azərbaycan elminin təbliği. Və daha nələr, nələr...

Akademik İsa Həbibbəylinin artıq elmdə və elm üçün etdikləri hansısa sıravi alimin iki-üç həyatına bəs edərdi. O isə əvvəlki kimi tələsir, əsl mənada əvvəlki tək sutkada 24 saat işləyir, çünki öz sevimli işinə bağlanıb, bacardığını maksimum yerinə yetirməyə, işi sona çatdırmağa öyrəşib. Sadəcə, başqa cür bacarmır...

Əgər İsa müəllimin Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində olduğu 6 il ərzində edə bildiklərini sadalamağa başlasam, çox böyük həcmli məqalə alınar. Yalnız başlıca istiqamətləri və ən uğurlu layihələri xatırlamağa çalışacağam.

... AMEA-nın vitse-prezidenti seçilməsindən az sonra İsa Həbibbəyli Ədəbiyyat institutunun 80 illiyini yüksək səviyyədə keçirdi. Bu yubiley üçün onun təşəbbüsü ilə 3 dildə - “Ədəbiyyat institutunun tarixi” nəşr olunmuş, yeni “Poetika.-İzm” və “Komparativistika” jurnalları təsis edilmişdir. İnstitutda 5 yeni şöbə açılmışdır - Azərbaycan mühacir ədəbiyyatı, Nəşr və publisistika tarixi, Ədəbi tənqid, Nizamişünaslıq, Nəşriyyat işi və proqnozlaşdırma. Bütün bunlar, nəzərə alın, ədəbiyyatşünaslıqda yeni cərəyanlar ruhunda fundamental, mütərəqqi dəyişikliklərdir. 

Sonra... Onun rəhbərliyi altında “Azərbaycan ədəbiyyatı tarixi”nin 5-6-7-ci cildləri hazırlanmışdır. Lakin bununla kifayətlənməyən akademik Həbibbəyli daha bir fundamental kollektiv əsərin təşəbbüsçüsü oldu. Müəllifi İsa Həbibbəyli olan, Azərbaycan ədəbiyyatının dövrlərə ayrılması yeni konsepsiyasına müvafiq olaraq, rəhbərlik etdiyi kollektiv 10 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin nəşrini hazırlayır (birinci cild artıq çıxmışdır). Həmçinin, yeni redaksiyada “Kitabi Dədə Qorqud” eposu, Əli bəy Hüseynzadənin, Məhəmməd ağa Şahtaxtinskinin fundamental məqalələr toplusu (bu günə qədər ən tam halda), İsa müəllimin ön sözüylə Məmməd Arif Dadaşzadə, Kamal Talıbzadə və Azərbaycan ədəbiyyatşünaslığının bir çox digər korifeyləri haqqında məqalələr toplusu çapdan çıxmışdır.

İsa Həbibbəyli Rusiya “Literaturnaya qazeta”sıyla birgə “Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığından bu günümüzədək” layihəsini hazırlamışdır. Bir neçə nömrə çıxıb və bunların hər birində dörd səhifə Azərbaycan ədəbiyyatına ayrılmışdır.

İnstitut bir neçə son dərəcə maraqlı beynəlxalq konfrans keçirib: “Fizika və lirika”, “Neft: incəsənət və yaradıcılıq”, “Türk xalqlarının ədəbiyyatı: mənbələr, formalaşma mərhələləri və perspektivlər”. Özü də “Fizika və lirika” konfransı təkcə Bakıda deyil, həm də atomçu-alimlər şəhəri Dubnada da keçirilib və ora nüfuzlu Azərbaycan nümayəndə heyəti yollanıb.

2016-cı ildə Azərbaycan ədəbiyyatşünaslığında həqiqətən hadisə baş vermişdir: Nizami adına Ədəbiyyat İnstitutu “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 fundamental cildi hazırlamış və nəşr etmişdir. Mən o vaxt bu əsər haqqında böyük bir məqalə yazdım. Orada əminliklə sübut edilir ki, bütün bədbin proqnozlara rəğmən Azərbaycanda ədəbi proses davam edir!

2018 və 2019-cu illərdə Əbəbiyyat institutu “Ədəbiyyatda Heydər Əliyev obrazı. Tarixi gerçəklikdən ideala” adlı ikicildlik buraxıb. Bu iki cildi İsa Həbibbəylinin ön sözüylə çıxmış “Təsviri sənətdə Heydər Əliyev obrazı” monoqrafiyası kimi də dünya Əliyevşünaslığına qiymətli töhfə hesab edirəm.

Ümumiyyətlə, İsa Həbibbəylinin Ədəbiyyat institutunun direktoru vəzifəsinə gəlişiylə bu bir qədər yuxulu, donmuş səltənətdə həqiqətən inqilabi dəyişikliklər baş verdi. Özü aramsız ideya və layihələrə təşnə olan İsa müəllim öz enerjisinə ətrafındakıları da yoluxdurur. Yeni, bəzən çox cəsarətli və mütərəqqi ideyalar irəli sürməmək mümkün deyil, İsa müəllim əməkdaşlarından gələn istənilən təzə yanaşmanı, istənilən orijinal fikri təqdir edir.

Əlbəttə, Elmlər Akademiyasının işlərində də onun vitse-prezidenti bilavasitə iştirak edir. Belə ki, o, “Azərbaycanın elm məbədi” filminin müəllifi, eləcə də “AMEA marşı”nın yaradıcılarından biridir. Elmlər Akademiyasının 70 illiyi ilə əlaqədar İsa müəllim AMEA-nın yaradılmasının ilk mərhələsinə aid çoxsaylı arxiv sənədi və yeni fotoşəkillər hazırlamışdır. Onun “Azərbaycan Elmlər Akademiyasının formalaşma prosesi və Rəyasət Heyətinin ilk tərkibi” fundamental məqaləsi şəxsən mənim yadımdadır.

Keçən ilin sonlarında akademikin “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” 450 səhifəlik sanballı kitabı “Elm” nəşriyyatı tərəfindən buraxılmışdır. Bu, Azərbaycan ədəbiyyatı tarixinin elmi-nəzəri cəhətdən dövrləşməsinə həsr edilmiş ilk monoqrafik kitabdır. Martın 17-də Azərbaycan Yazıçılar Birliyinin katibliyinin növbəti iclasında Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti İsa Həbibbəylinin bu kitabının Azərbaycan Respublikası Dövlət Mükafatına (ədəbiyyat sahəsi üzrə) təqdim olunması məsələsi müzakirə edilib. Müzakirənin yekununda İ.Həbibbəylinin monoqrafiyasının Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim olunması barədə qərar yekdilliklə qəbul olunub. Xəbəri eşidəndə çox sevindim. Əminəm ki, monoqrafiya  bu mötəbər mükafata layiq görüləcəkdi.

...Və budur, demişdim ki, oxucunu yormamaq üçün onun uğurlarını tezis şəklində sadalayacağam, amma özümdən asılı deyil: bu adam tərəfindən maraqlı, həqiqətən lazımlı və pozitiv nə qədər işlər görülüb! Onda ideyalar aşıb-daşır, o, hamını silkələyir, hamını tamamilə yeni, əvvəllər öyrənilməmiş nəyinsə axtarışıyla məşğul olmağa məcbur edir.

Bəs hələ özü nə qədər yazır! Demək olar ki, “525-ci qəzet”in, yaxud “Ədəbiyyat qəzeti”nin hər sayında İsa Həbibbəyli imzasıyla məqalə görürsən. Onun (həmkarları, yubilyarlar, rəssamlar və musiqiçilər haqqında) esselərini, oçerklərini məmnuniyyətlə oxuyuram. Və qəribə də olsa! - yığın-yığın yeni, təptəzə, orijinal ideya və konsepsiyalar irəli sürür. Məsələn, Tahir Salahov haqqında yazdığı esse (rəssamın özünün də etiraf etdiyi kimi), böyük sənətkar barəsində yazılmış ən yaxşı məqalələrdəndir.

Yaxud onun Milli Məclisin Elm və təhsil məsələləri daimi Komitəsinin sədri qismində işini götürək. O, həmin illərdə sələflərinin ötən 15-20 ildə də edə bilmədiklərinə müvəffəq olmuşdur. Praktik olaraq təkbaşına, məktəbəqədər, orta, texniki-peşə, ali təhsil haqqında Qanunları hazırlamış və Milli Məclisdən keçirmişdir. Yəni rəhbərlik etdiyi komitə bir sıra mühüm təhsil qanunlarının müəllifi kimi nəhayət tam gücüylə işləməyə başlamışdır.

...Lakin bu gün mən təkcə alim İsa Həbibbəyli haqda deyil, həm də dost, həmkar, silahdaş və həmfikirim İsa barədə danışmaq istəyirəm. Mən onu gəncliyimdən tanıyıram, düz o vaxtdan ki, Naxçıvandan gənc elmlər namizədi mənim Cəlil Məmmədquluzadənin yaradıcılığı haqqında dissertasiyama müsbət rəy göndərmiş və özü müdafiədə iştirak etmişdi. Biz elə o vaxt, uzaq 1984-cü ildə tanış olmuşuq. Sonra isə tanışlıq əsl dostluğa və əməkdaşlığa keçmişdir. 1991-ci ilin qışında mən Naxçıvanda oldum, İsa müəllimin vasitəçiliyi sayəsində böyük Heydər Əliyevlə görüşdüm və ondan müsahibə aldım. Yadımdadır, biz gecə yarısına qədər İsanın universitet tərəfindən verilmiş darısqal mənzilində oturmuşduq və həyəcanla Azərbaycanın gələcəyi barədə söhbət edirdik. İsanın əziz, mehriban həyat yoldaşı Həqiqət hələ həyatda idi, otaqların birində mışıl-mışıl yatışan oğlanları Ərəstun və Səhhət hələ yeniyetmə idilər.

Sonra biz Bakıda və Naxçıvanda dəfələrlə görüşdük. Mən bu adamı get-gedə daha yaxından tanımağa başlayır və onun tükənməz əməksevərliyinə və hədsiz xeyirxahlığına daim heyrət edirdim. Deyəsən, bu insan həsəd hissindən tamamilə məhrumdur. Yalnız bir misal çəkim. 1990-1993-cü illərdə İsanın sayəsində demək olar ki, (bu və ya digər niyyətlə muxtar vilayətə gələn) bütün ədəbiyyatçılar - Sabir Rüstəmxanlı, Vilayət Quliyev, Bəxtiyar Vahabzadə və digərləri Heydər Əliyevin qonağı olmuşlar.

Onların hamısı sonralar Heydər Əliyevin diqqət və mükafatlarıyla əzizləniblər. Və mən düşünürəm ki, bunda İsanın da xidmətindən pay vardır. Lakin o, heç vaxt bu haqda danışmır və illah da sinəsinə döyüb, mənim sayəmdə oldu, demir.

Ondan “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildliyim üçün müsahibə alarkən İsa Həbibbəyli bu münasibətlə mənə demişdi:

“...Hələ təhsil aldığı vaxtlar aspiranturada dostlaşdığım şair Sabir Rüstəmxanlıyla Heydər Əliyevin görüşlərini də xatırlayıram. Onda o, Dövlət Mətbuat Komitəsinin sədri idi. O vaxt hələ viza rejimi işləmədiyi və “Ümid” körpüsünün tikilməmiş olduğu zaman, o, Türkiyədə oxuyan oğlu Gündüzü Sədərək-Aralıq-Dilucu sərhəd-keçid məntəqəsindən ötürmək üçün Naxçıvana gəlmişdi. Mən onu aeroportda qarşıladım və evimə apardım. Sabir Rüstəmxanlı Heydər Əliyevlə görüşmək arzusunda idi, baxmayaraq ki, rəsmi qəbula ümid bəsləmirdi.

Müəyyən vaxt keçdi və bizə Naxçıvan MR Ali Məclisi Sədrinin məsul nümayəndəsi zəng vurdu. Telefon danışığı zamanı Heydər Əliyev Sabir Rüstəmxanlıya dedi: - Siz deputat və Dövlət Komitəsinin sədrisiniz, onun üçün, protokol tələblərinə görə gəlişiniz barədə əvvəlcədən məlumat verməliydiniz. Sabir Rüstəmxanlı bütün səmimiyyətilə etiraf etdi ki, mənimlə çoxdanın dostudur, bu səbəbdən onu qarşılayıb qonaq dəvət eləmişəm.

Sabir Rüstəmxanlı dəfələrlə etiraf edib ki, cavanlıqda Heydər Əliyev onun həyatında böyük rol oynayıb. Mən də, Sabir Rüstəmxanlının özü də əmin idik ki, onun öz zamanını qabaqlayan “Gəncə qapıları”, “Əlvida, doğma dil” şeirləri yalnız Heydər Əliyev dövründə yarana bilərdi. Sabir Rüstəmxanlını yaxından tanıyan və həmişə dəstəkləyən Heydər Əliyev gənc deputata eyham vurub ki, onun gəlişindən xəbərdardır. Və Sabir, xüsusi təklif gözləmədən Ali Məclis Sədrinin qəbuluna getdi. Üç saatlıq söhbətdən sonra yanımıza qayıtdıqda o, sanki bu görüşə yekun vuraraq dedi:

- Heydər Əliyev - dahi şəxsiyyətdir. Bir vaxtlar Nuhun gəmisi dünya subasmasından sonra Naxçıvanda Gəmiqayaya yan alıb. Hadisələrin güclü burulğanına düşən Heydər Əliyevi də müasir Naxçıvan o cür qəbul etmişdir. Heydər Əliyev Nuh kimi əbədidir.

Heydər Əliyevin Sabir Rüstəmxanlıya münasibətində yaradıcı insana hörmət açıq-aşkar hiss edilirdi. Və o dəfə də onlar ciddi məsələləri müzakirə etməyiblər, daha çox ədəbiyyat, incəsənət, etimad mühitinin yaradılması barədə danışıblar. Bu və ya digər adamın hansı partiyanı təmsil etməsindən asılı olmayaraq Heydər Əliyev yaradıcı insanlara həmişə xüsusi diqqətlə yanaşır, onları dəstəkləməyə çalışırdı. Sabir Rüstəmxanlıyla görüş də buna sübutdur. Naxçıvana artıq Azərbaycanın Prezidenti kimi gəlişində Heydər Əliyev Sabir Rüstəmxanlıya rəsmi qəbulda çıxış etmək imkanı verdi. Sabir Rüstəmxanlı da öz növbəsində bu çıxışında Heydər Əliyevi XIV əsrdə mədəniyyət sferasında yüksək dərəcədə inkişafıyla seçilən güclü dövlət yaratmış Atabəylərlə müqayisə etmişdir.

...Daha bir görüşü yada salmaq istəyirəm. Mənim hələ aspirantura dövründən köhnə dostum, filologiya elmləri doktoru, professor Vilayət Quliyev Türkiyədə Ərzurum şəhərinin Atatürk universitetində dərs demək üçün dəvət almışdı. Təzə iş yerinə gedib çıxması üçün o, Naxçıvandan keçməli idi. O zaman isə Sədərək-Aralıq-Dilucu yolundan keçmək üçün ya böyük məbləğ ödəməliydin, ya da xüsusi icazə vərəqən olmalıydı. Biz imkanlarımızı ölçüb-biçərək icazə vərəqəsi üçün müraciət etmək qərarına gəldik. Amma Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində bu məsələni həll edə biləcək adam tapa bilmədik. Və belə olduqda biz Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin  yanına yollandıq. Vilayət Quliyevlə şəxsən tanışlığı olmayan, lakin onun əsərlərindən xəbərdar olan Heydər Əliyev onun elmi tədqiqatlarından xeyli danışdı, haqqında monoqrafiya yazdığı Mirzə Kazımbəyin yaradıcılığını yüksək qiymətləndirdi. Məşhur şərqşünasın bioqrafiyasına toxunaraq Heydər Əliyev hətta monoqrafiya müəllifinə məlum olmayan bəzi xüsusiyyətləri qeyd etdi, onun bizim üçün böyük gözlənilməzlik olan vərəsələrini, onların fəaliyyətlərini xatırlatdı. Heydər Əliyevin Vilayətin əsərləri barədə öz təəssüratlarını söyləməsi haqda yaddaşda parlaq xatirələr qaldı. Beləliklə, ədəbiyyatşünas Vilayət Quliyevlə qiyabi tanışlıq canlı və çox səmimi ünsiyyətə çevrildi...”

Mən bütün bu illər boyu İsa Həbibbəylinin yaradıcılığı və karyera inkişafını müşahidə etmiş, onun sürətli yüksəlişinə heyrət etmişəm - əvvəlcə Naxçıvanda 1996-cı ildə oradakı universitetin başında durdu və NDU-nun Şərqin və Qərbin nüfuzlu universitetləri ilə ən geniş beynəlxalq əlaqələrini quraraq, onu geri qalmış ali təhsil ocağından mənəviyyat və bilik ocağına çevirdi. Sonra artıq fəaliyyətinə burada - Azərbaycanın paytaxtında davam etdi. İsa, öz növbəsində həmişə mənim yaradıcılığımı izləyir, ümummilli lider haqqında kitablarım üçün material toplamağa kömək edir, məni ruhlandırır, çətin anda dəstək olurdu. Belə çətin anlar isə ikimizdə də o qədər olub ki!

Ümumiyyətlə, İsa müəllim çox vəfalı, sadiq dostdur. Yəqin, təsadüfi deyil ki, məhz onun rəhbərlik etdiyi institut mənim “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildliyimi 2014-cü ilin Dövlət mükafatına təqdim etmişdir. Yeri gəlmişkən, mükafatın taleyinin hələ qaranlıq olduğu o həyəcanlı günlərdə akademik Həbibbəyli mətbuatda əsər haqqında nəhəng konseptual məqaləylə çıxış edərək bildirmişdi ki, Elmira Axundova Azərbaycan ədəbiyyatı tarixində tamamilə yeni - sənədli-bioqrafik tədqiqat-roman janrının yaradıcısıdır. Bu qiymət son dərəcə fərəh doğuran idi və mənə yüksək hökumət mükafatı verilməsində digər faktorlarla yanaşı öz rolunu oynadı...

Akademik Həbibbəyliylə Naxçıvan xanları sülaləsi haqqında silsilə kitablar yazmış, yaşlı professor - Rudolf Nikolayeviç İvanov arasında təsirli dostluq səhifələrini də xatırlamaq istəyirəm. Bu dostluq çox ibrətamizdir. Yadımdadır, Rudolf İvanovun Azərbaycana ilk gəlişlərinin birində o və İsa Həbibbəyli (onda hələ Naxçıvan Universitetinin rektoru) evimdə yarım gün oturub o vaxt İvanovun üzərində işlədiyi növbəti kitab ətrafında söhbət etdilər, sonra isə həyətə çıxdılar və düz iki saat da maşının qabağında dayandılar, heç cür ayrıla bilmirdilər. Hər ikisi həqiqətən elm fədaisi idi və bir-birini hamıdan yaxşı başa düşürdülər... Sonra Rudolf İvanovun Naxçıvana səfərləri oldu və orada onu həmişə İsa qarşılayır və himayə edirdi. Rus aliminin öz çoxdankı - Bəyaziddə (hazırda Türkiyənin şərqində Doğubəyazid şəhəri) olmaq arzusunun da həyata keçməsinə elə o kömək etmişdi.

Akademik İsa Həbibbəyli Rudolf Nikolayeviç və həyat yoldaşı Katerinanı bu səfərdə müşayiət etmişdir. O xatırlayır ki, Rusiya tarixçisi, barəsində bu qədər oxuduğu və haqqında məşhur kitab yazdığı əfsanəvi qalanı görərkən o qədər həyəcanlanmışdı ki, sanki dünyanın yeddinci möcüzəsini görürdü. “Rudolf Nikolayeviçin əli ilə qalanın divarlarını körpəni əzizləyir kimi necə tumarladığını heç vaxt unutmaram, - deyir İsa müəllim. - Sonra o mənə dedi ki, özümü tamamilə xoşbəxt insan sayıram, zira onun ən müqəddəs arzusu gerçək olmuşdu”.

Rudolf Nikolayeviçə böyük hörmət bəsləyən Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov İvanova həmçinin, Təbrizə səfər etməkdə yardımçı olmuşdur, elə iki, ya üç il əvvəl isə qoca professor həyat yoldaşı ilə Naxçıvandan birbaş İstanbula yollanıb orada unudulmaz bir neçə gün keçirdilər. Və yenə yanında sadiq dostu İsa Həbibbəyli olmuşdu. Son dərəcə məşğul olmasına,  Elmlər Akademiyasında, Milli Məclisdə işlərin hədsiz çoxluğuna baxmayaraq, İsa müəllim Bakıda, Moskvada, yaxud Naxçıvanda bütün işlərini buraxıb dostunun görüşünə tələsirdi. İvanovun ölümündən bir az qabaq Rusiyada ezamiyyətdə olarkən İsa Həbibbəyli Rudolf Nikolayeviçə hospitalda baş çəkdi və qayıtdıqda mənə onun səhhəti barədə kədərli xəbər verdi. Professor vəfat etdikdə isə qışın sərt vaxtına və amansız şaxtaya baxmayaraq, Moskvaya uçaraq dostunu son mənzilə yola saldı.

...Çox vaxt həqiqətən onun hər şeyə - həm kitablara, həm təzə konsepsiyalara, həm təşkilati və qanunverici işə qüvvəni haradan tapdığını anlamıram. Hələ üstəlik ailə - uşaqlar, nəvələr də var, axı onlarla da ünsiyyətdə olmalısan...

Yəqin ona təkan verən və möcüzələr yaratmağa sövq edən başlıca qüvvə - Məhəbbətdir. Elmə, sədaqətlə xidmət etdiyi işinə Məhəbbət. Oğullarına və nəvələrinə Məhəbbət. Və əlbəttə, vətəninə, Azərbaycana Məhəbbətdir ki, onun çiçəklənməsi və tərəqqisi naminə İsa Həbibbəyli yorulmadan əmək sərf edir. Deyə bilmərəm ki, həyatda yoluna yalnız qızılgüllər səpilib. Bəzən müqavimətlə rastlaşıb, anlamayıblar onu, bilirəm. Lakin o, bütün maneələrə baxmayaraq, irəli gedir və bir qayda olaraq uğur qazanır. Mən dostuma və həmkarıma daim Həqiqət axtarışına can ataraq bundan sonra da həyatda başıuca, vüqarla və açıq ürəklə irəliləməyi arzulamaq istəyirəm.

Elmira AXUNDOVA, Xalq yazıçısı

525-ci qəzet

www.science.gov.az