Cənubi Kaliforniya Universitetində çalışan beynəlxalq alimlər qrupu insan metabolizmi üçün başlıca rola malik olan reseptorun strukturunu təyin etməklə piylənmə və digər metabolik xəstəliklərin daha effektiv müalicəsinə yol açdılar. Təsqiqatlar beyində olan zülal-melanokortin 4 reseptoru (MC4R) üzərində aparılıb. Bu reseptor enerjinin hansı hissəsinin piy şəklində yılmasına nəzarət etməklə, orqanizmin enerji balansının tənzimlənməsinə xidmət edir. MC4R zülalını kodlaşdıran gendə baş verən mutasiyalar uşaqlıq dövründə ağır formalı piylənmə və yaxud bu xəstəliyin başqa formaları ilə nəticələnir. Cənubi Kaliforniya Universitetinin profesoru Raymond Stevens qeyd edir ki, “İnsanların əksəriyyəti piylənmənin həyat tərzi ilə əlaqədar olduğunu düşünür. Əslində bu hər bir hal üçün doğru deyil. Bəzən bu genin mutasiyası baş verir və belə insanlar yeməklərinə nəzarət edə bilmirlər. Bu problemi yaradan isə məhz beyində olan MC4R reseptorudur.”