sa sa 1996
Akademik İradə Hüseynova: "Karantin rejimi ilə bağlı qaydalara riayət olunmasını davam etdirməliyik" Apr 30, 2020 | 14:12 / Nəşrlər

Artıq bir neçə aydır ki, COVID-19 pandemiyası dünya əhalisinin illərlə formalaşmış həyat tərzini sarsıdıb, dövlətləri və onların iqtisadiyyatını diz çökdürüb. Dünya hələ də bu gözəgörünməz düşmənin diktəsi altında yaşamaqda davam edir. Bildiyiniz kimi, öz yüksək inkişafı, xalqlarının rifah səviyyəsi, elm və səhiyyə sistemləri ilə öyünən bir çox dövlət acınacaqlı duruma düşüb. Xəstə sayı on və yüz minlərlə, ölü sayı on minlərlə ölçülən ölkələrin sırası durmadan genişlənir. Şükürlər olsun ki, dünyanın aparıcı dövlətlərindən, eləcə də yaxın qonşulardan fərqli olaraq bu dəhşətli siyahıda Azərbaycanın mövqeyi kifayət qədər qənaətbəxşdir. Demək olar ki, ölkəmiz bu fəlakətli durumdan minimum itkilərlə çıxmağı bacaracaq. Bu nailiyyət isə Prezident İlham Əliyevin, Azərbaycan hökumətinin yüksək elmi dünyagörüşünə, sağlam fikrə, ciddi nəzəri və praktiki analizə, dünya üzrə toplanmış təcrübəyə əsaslanan uzaqgörən qərarları, xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində ölçülüb-biçilmiş qabaqlayıcı tədbirləri sayəsində əldə edilib. Əlamətdar haldır ki, Ümumdünya Səhiyyə Təşkilatının bəyan etdiyi kimi, pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın nümunəvi təcrübəsi artıq bir çox ölkələr tərəfindən fəaliyyət proqramı kimi geniş şəkildə istifadə olunmaqdadır. Lakin tarixdə bu cür pandemiyalar zamanı yaşanmışlar haqqında təcrübələr, virusologiya elmindən alınan bilgilər, virusun yayılmasının son həftələr və günlərdə müxtəlif ölkələrdə baş verən ikinci dalğaları göstərir ki, əldə olunan uğurlara əsla arxayınlaşmaq olmaz.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova söyləyib.

Akademik bildirib ki, karantin rejiminin yumşaldılmasını, sağalanların artmasını, ölkəyə giriş-çıxışın nəzarətdə olduğunu əsas gətirərək yoluxma təhlükələrinin bitdiyini, virusun yoxa çıxdığını düşünmək ən azından sadəlövhlük olardı. Təəssüf ki, bu günlərdə əhalinin davranışları indiyə kimi görülmüş tədbirlərin səmərəliliyini təhlükə altında qoyacaq qədər kəskin şəkildə dəyişib. Şəhərin küçələri avtomobillərlə, “Evdə qal, özünü və başqalarını qoru!” çağırışını qulaqardı edənlərlə dolmaqdadır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, maska və əlcəkdən imtina az qala kütləvi hal alıb.

Son dövrdə koronavirusla bağlı elmi ədəbiyyatda gedən yazıları, dünyada gedən prosesləri, virusologiya və onunla mübarizə istiqamətində aparılan araşdırmaları ciddi şəkildə izləyən, dünyanın bir sıra aparıcı tədqiqat mərkəzləri ilə, tanınmış alimlərlə daim ünsiyyətdə olan bir şəxs kimi əhali qarşısında xəbərdarlıqla çıxış etməyi özümə borc bilirəm.

“Tam səmimi şəkildə xalqımıza səslənirəm: ehtiyatı əldən verməməliyik, virusun meydanını daraltmaqda, mütəxəssislərin, həkimlərin, məsul şəxslərin məsləhətlərini, dövlətin karantin rejimi ilə bağlı qoyduğu qaydaları yerinə yetirməkdə davam etməliyik. Tarix rəqibinə qarşı bitməkdə olan savaşda qalib gəldiyini düşünərək arxayınlaşmış möhtəşəm orduların məğlub duruma düşməsinə və məhv olmasına dəfələrlə şahidlik edib! Mən insanlarımızı sağlam düşüncəyə, tək özünü deyil, yaxınlarını, doğmalarını, digər insanları, ümumilikdə öz xalqını düşünməklə məsuliyyətli olmağa çağırıram. İnanın ki, epidemiya bitməmişdir! Yüksək epidemiya faizləri ilə seçilən ölkələrdən Azərbaycana qayıdan kifayət qədər vətəndaşımız var. Xəstə olduğu halda yoluxduğunu gizlədən insanların varlığını da düşünmək məcburiyyətindəyik. İkinci dalğa daha qorxunc və daha təhlükəli ola bilər!

Yeni yoluxma dalğasının bizi hazırlıqsız yaxalamasını, koronavirusla mübarizədə bu qədər zəhmət və xərc bahasına əldə edilmiş nailiyyətlərin əldən getməsini istəmiriksə, ciddi gigiyena, sosial təcrid, qoruyucu məsafə, maska, əlcək və dezinfeksiyaedici vasitələrdən istifadə anlayışları hələ bir xeyli müddət - ən azından, sonuncu koronavirus daşıyıcısının sağaldığı vaxta qədər gündəlik həyatımızın ayrılmaz hissəsi, atributları olmalıdır. Mən hamını ölkə Prezidentinin “Biz birlikdə güclüyük!” çağırışına hər zamankından daha həssas şəkildə qoşulmağa, davam edən təhlükəyə qarşı ağıl, məntiq və məsuliyyət hissi ilə davranmağa çağırıram. Ulu Tanrı gözəgörünməz düşmənlə aparılan bu çətin müharibədə tam qələbə qazanmaq üçün xalqımıza və dünyadakı bütün insanlara kömək olsun”,- deyə akademik İ.Hüseynova bildirib.

www.science.gov.az