sa sa 1645
Hər birimizin taleyində Heydər Əliyev dühasının bir zərrəsi var May 07, 2020 | 15:58 / Nəşrlər

Artıq üç əsrə yaxındır ki, Azərbaycan tarixi haqsızlıqlarla, müxtəlif miqyaslı işğal, böyük dövlətlər tərəfindən ikili münasibət və sair problemlərlə üzbəüz qalmalı olmuşdur. Məhz bu səbəbdən iki hissəyə bölünməli, ata-baba yurdlarımızdan qovulmalı, ərazilərimizi xarici qüvvələrin əli ilə başqası üçün işğal və soyqırımlarına məruz qalmışıq. Odur ki, bütün bu dövr ərzində Azərbaycan xalqının böyük şəxsiyyətə, uzaqgörən və milli təəssübkeşli rəhbərə ehtiyacı olub. Bu ehtiyac daha kəskin şəkildə keçən əsrin ikinci yarısında ermənilərin öz havadarlarına arxayın olaraq növbəti azğınlığı dövründə hiss olunurdu.

Məhz yaradan böyük bir xalqın arzu, dilək və dualarını eşidərək belə bir rəhbəri xalqımıza yetirmişdi. Qoy bəzi nankorlar mənim bu yazdıqlarımı başqa cür yozmasınlar. Ömrünün yaşlı dövrünü yaşayan bir azərbaycanlı ziyalı, akademik kimi bu insanlara tövsiyə edərdim ki, heç olmasa o dövrdən bu günə kimi tariximizə düz bucaq altında baxıb, hər şeyin həqiqi üzünü görsünlər. Bəli, ulu öndərimiz Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Respublikasına rəhbərliyə gəlməsi o dövrki şəraitdə tarixi zərurət idi. Keçən əsrin 60-cı illərində Azərbaycan Sovetlər birliyində iqtisadiyyat, elm və texnologiyaların səviyyəsi, sosial durumuna görə sonuncu yerlərdə idi. Ermənilər 60-cı illərin əvvəlində Gəncə və digər regionlarda növbəti torpaq iddiası ilə qarışıqlıq salmaq cəhdlərinə əl atırdılar. Məhz belə bir vəziyyətdə 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev uzun illər müşahidə etdiyi durumu öz prizmasından analiz edib strateji planını hazırladı.

Bu strateji xətti bu gün analiz etdikdə biz onun iki gözə görünən və görünməyən hissələrdən ibarət olduğunu görərik. Görünən tərəfində respublikada sürətli inkişaf üçün zəmin yaradılması üstünlük təşkil edirdi. Burada ilkin növbədə kadr potensialının yaradılması, kənd təsərrüfatını yeni mütərəqqi aqrotexniki və seleksion metodlar tətbiq etməklə, düzgün rayonlaşma aparmaqla inkişaf etdirmək nəzərdə tutulurdu. Azərbaycanda neft-qaz istehsalı və emalı sistemlərində mövcud köhnə texnologiyaların yenilənməsi nəticəsində Bakının ekoloji durumu və bu sahələrin inkişafına nail olmaq vəzifəsi qarşıya qoyuldu. Respublikamızda qeyri-neft sənaye sisteminin inkişafı və dövrün ən mütərəqqi texnologiyalarının yaradılması lazım idi. Elm, təhsil və səhiyyə sistemlərinin durumlarının orta Sovetlər birliyi səviyyələrinə çatdırılması və sair sahələrdə inqilabi dəyişikliklər nəzərdə tutulurdu.

Ulu öndərin gözə görünməyən strateji xətti Respublikanın gələcəkdə müstəqil dövlət kimi formalaşmasına yönəlmişdir. Əlbəttə, Sovetlər birliyinin o dövründə belə bir siyasi xəttin açıq şəkildə büruzə edilməsinin nə demək olduğunu Heydər Əliyev çox yaxşı bilirdi. Odur ki, bu istiqamətdə aparılan işlər böyük məharətlə əsas görünən istiqamətlərin daxilində hiss olunmaz şəkildə həyata keçirirdi.

Ümummilli lider Heydər Əliyev respublikamızda elm və təhsilin inkişafına xüsusi diqqət yetirirdi. Azərbaycan elminin o dövrki strukturunu analiz edərək Azərbaycan Elmlər Akademiyasının və sahə İnstitutlarının fəaliyyətinin yeni səviyyədə genişləndirilməsi üzrə böyük işlər həyata keçirmişdi. Onun birbaşa rəhbərliyi altında Azərbaycanda Kosmik Tədqiqatlar, Fotoelektronika və  digər elmi qurumlar açıldı. SSRİ Elmlər Akademiyası prezidenti daxil olmaqla aparıcı alimləri Azərbaycana dəvət edərək müvafiq sahələrin durumunun profesional analizi əsasında yeniliklərin tətbiqi üçün şərait yaradırdı. Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi görkəmli alim Həsən Abdullayev və digər alimlər hesabına yeniləndi və gücləndi.

Azərbaycan təhsil sisteminin o vaxtki durumunu nəzərə alaraq perspektivli yeni elm sahələrində kadr hazırlığının onun yeni metodu olaraq kənar respublikalarda təhsil üçün gənclərin kütləvi şəkildə göndərişinə nail oldu. Bu sahələrdən biri də o dövrdə çox sürətli inkişaf edən, aktual elmi istiqamət olan nüvə fizikası və radiasiya materialşünaslığı sahəsi idi ki, onlarla gənc bu sahədə təhsil almaq üçün Moskva və digər inkişaf etmiş regionların ali məktəblərinə göndərilmişdilər.

O dövrdə SSRİ dünyanın inkişaf etmiş nüvə ölkəsi olub, genişmiqyaslı nüvə proqramı həyata keçirirdi. Nüvə enerjisinin hərbi məqsədlərlə istifadəsi sahəsində böyük uğurlardan sonra dünya ölkələri atom enerjisinin dinc məqsədlərlə istifadəsinə xüsusi diqqət yetirirdi. SSRİ-nin Obninsk şəhərində 1954-cü ildə  dünyanın ilk Atom Elektrik Stansiyasının işə salınmasından sonra Atom enerjisindən enerji təminatında istifadəsi sahəsində sürətli inkişaf dövrü başlandı.

Böyük SSRİ nüvə proqramı çərçivəsində Azərbaycanda praktiki nüvə elmlərinin inkişafı, başlanğıcını 1969-cu ildən götürərək bu məqsədlə Azərbaycan Elmlər Akademiyasında Radiasiya Tədqiqatları Sektoru açılır. Heydər Əliyevin yaratdığı şərait nəticəsində tez bir zamanda Radiasiya Tədqiqatları Sektoru SSRİ-də ən unikal izotop mənşəli şüalanma kompleksinə, müxtəlif enerjili elektron sürətləndiriciləri və ən müasir tədqiqat avadanlıqları ilə təchiz olundu. SSRİ Elmlər Akademiyasının prezidenti akademik M.V.Keldış 1972-ci ildə Bakıya səfəri zamanı Azərbaycan Elmlər Akademiyasında və onun institutlarında olduqdan sonra 27 sentyabr 1972-ci ildə Heydər Əliyev tərəfindən qəbul edilmişdi. Görüş zamanı Azərbaycan Elmlər Akademiyasının durumu, inkişaf perspektivləri, kadr və maddi-texniki bazasının inkişafı üzrə zəruri məsələlər müzakirə olunub. Belə mühüm məsələlərdən biri də Azərbaycanda Tədqiqat Nüvə Reaktorunun yaradılması idi. O dövrdə Gürcüstanda Tədqiqat Nüvə Reaktoru, Ermənistanda isə iki bloklu Atom Elektrik Stansiyasının tikintisi aparılırdı. Bundan başqa, Ermənistan Elmlər Akademiyasında güclü siklotron qurğusu fəaliyyət göstərirdi. Belə bir vəziyyətdə Azərbaycanda nüvə elmlərinin lazımi səviyyədə olmaması Heydər Əliyevi narahat etməyə bilməzdi və akademik M.V. Keldışlə Azərbaycanda elmi, nüvə analitik və digər praktiki məqsədlərə xidmət edən aşağı güclü Tədqiqat Nüvə Reaktorunun yaradılması qərara alınmışdı. Mən yaxşı xatırlayıram ki, bu məsələ Azərbaycan EA-nın Radiasiya Tədqiqatları Sektoru və Fizika İnstitutuna tapşırılmışdı. İ.V. Kurçatov adına Atom Enerjisi İnstitutu tərəfindən respublikanın tələblərinə uyğun reaktor layihəsi hazırlanmışdı. Əfsuslar olsun ki, SSRİ rəhbərliyinin respublikalara ikili münasibətləri və Azərbaycanın bəzi alimlərinin bu məsələyə düzgün yanaşmaması nəticəsində 70-ci illərin sonunda bu layihə dayandırıldı. Lakin həmin dövrdə Tədqiqat Nüvə Reaktoru layihəsi ilə əlaqəli çoxlu gənc mütəxəssislər Moskva və Obninsk şəhərlərində aspirantura hazırlığı keçərək, yüksək hazırıqlı mütəxəssis kimi respublikamıza dönmüşdülər.

Lakin dövrün aktual və perspektivli elm və texnologiyalarının Azərbaycanda inkişaf etmə məsələsi ulu öndərin həmişə yaddaşında olub və imkan olan kimi bu məsələyə qayıdıb. Məhz belə imkanlardan biri də Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrə təsadüf edib. Onun sayəsində Gürcüstanda həyata keçirilməsi nəzərdə tutulan böyük nüvə energetik layihəsi Azərbaycana yönəldilmişdi. Azərbaycanda hər birinin gücü 1000 MVT olan dörd bloklu Atom Elektrik Stansiyasının Nəvai qəsəbəsi yaxınlığında tikintisinə başlanmışdı. Bu layihə çərçivəsində nüvə test məqsədli gücü 5 MVT olan Tədqiqat nüvə reaktorunun da Sumqayıt yaxınlığında tikintisi üzrə sənədlər hazırlanmışdı. Əfsuslar olsun ki, Çernobıl qəzası və M.S. Qorbaçovun Azərbaycana olan münasibətinin nəticəsi olaraq bu layihələrin də icrası başa çatdırıla bilmədi və 1987-ci ildən bütün işlər donduruldu. Məlum olduğu kimi, Heydər Əliyev 6 dekabr 1982-ci ildən 24 oktyabr 1987-ci ilə kimi SSRİ-nin rəhbərliyində yüksək siyasi iradə və özünəməxsus mövqeyi olan nüfuzlu dövlət xadimi kimi fəaliyyət göstərib. Əgər o illərdə onun dəstəyi ilə Azərbaycanda aparılan işlərin xronologiyasına nəzər yetirsək, onun daim Azərbaycanın yanında olmasının şahidi olarıq. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin  üzvlüyündən 24 noyabr 1989-cu ildə azad olmuş Heydər Əliyev 1990-cı il 20 Yanvar faciəsi zamanı heç nədən qorxmadan Moskva şəhərində bəyənatla çıxış etdi. Azərbaycan nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verdi və bir daha sübut etdi ki, o daim Azərbaycanla birlikdədir. İndi Azərbaycan əhalisinin əksəriyyəti 1989-1993-cü illərdə Azərbaycan xalqı vətəndaş müharibəsi, Xocalı soyqırımı, ərazilərin işğalı, separatizmin təzahürləri, hakimiyyət böhranı, qaçqınlar və sair problemlərlə üzləşməsinin şahidi olmuşdu. Respublikada tam hakimiyyətsizlik, özbaşınalıq, xalqın və Azərbaycanın varlığına tam laqeydlik durumu yaşanırdı. Məhz bu dövrdə Azərbaycan xalqı professional, xalqına və vətəninə sadiq, bacarıqlı və mərd dövlət başçısına daha çox möhtac idi. Azərbaycanda həmin dövrdə yaranmış durum  bir daha sübut etdi ki, istənilən adamdan rəhbər olmaz. Rəhbərlik yüksək professional bacarığa, siyasət, iqtisadiyyat və hərbi sahədə biliklərə malik, analiz etmə, yaranmış vəziyyətlərdən çıxmaq və ölkənin gələcək inkişafını görə bilən insanlar tərəfindən aparıla bilər. Belə bir şəxsiyyət yalnız Ulu Öndərimiz idi. Bunu bütün Azərbaycan xalqı hiss edir və istəyirdi. Burada bir misal yerinə düşərdi. 1992-ci ildə xaricdən gələn qonaqları Qubanın Təngəaltı zonasına gəzintiyə aparmışdıq. AXC-nin tam hakimiyyəti dövrü idi və biz şəlaləyə çıxmaq üçün kənddən bir QAZ-53 maşını tutmalı olduq. Sürücü kasıb bir kolxozçu idi. Söhbət əsnasında sürücü ilə çox maraqlanan qonaqlardan biri sürücüdən respublikada bu gün vəziyyət necədir, deyə soruşanda, sürücü vəziyyətin çox pis olduğunu dedi. Sonra söhbətinə davam edərək bildirdi ki, bu ölkənin xilaskarı yalnız Heydər Əliyevdir. Bax, bu idi bütün Azərbaycan Xalqının istəyi və diləyi! Odur ki, 15 iyun 1993-cü ili Azərbaycan Xalqı özünün Qurtuluş Günü kimi qeyd edir. Beləliklə, ulu öndərin ikinci dəfə gəlişi də çox böyük ehtiyac duyulan tarixi zərurət idi. Ulu öndərimiz Heydər Əliyevin ikinci gəlişi daha ağır problemlərin həlli dövrünə təsadüf etsə də çox şərəfli idi. Beləliklə, ulu öndərimiz tərəfindən müstəqil Azərbaycan Dövləti qurulurdu. Heydər Əliyev dühası tarix miqyasında çox qısa müddətdə mövcud problemləri həll etdi və ölkəni inkişaf yoluna çıxartdı.

Heydər Əliyev ölkədə əmin-amanlığı və iqtisadi inkişafın təməlini qoyduqdan sonra Azərbaycan alimləri ilə görüşdü. Azərbaycan Elmlər Akademiyasının xalqın milli sərvəti olduğunu vurğuladı və elmin inkişafı üzrə öz strategiyasını həyata keçirməyə başladı. O, ölkənin qüdrətli olmasının əsaslarından biri kimi elm, təhsil, yüksək texnologiyaları görürdü. Azərbaycan Elmlər Akademiyasının adı Milli Elmlər Akademiyası adlandı və ona elm sahəsində ölkənin əsas icra edici dövlət qurumu statusu verildi.

Uzun illər ərzində aparılmayan Akademiya üzvlüyünə seçki keçirildi və nisbətən gənc prezident akademik M.K.Kərimov seçildi. Akademiya institutlarında canlanma baş verdi, yeni İnstitutlar açıldı. Belə ki, Radiasiya Tədqiqatları Sektoru bazasında Radiasiya Problemləri İnstitutu təşkil edildi. Azərbaycan Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) və Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) elmi kollaborasiyalara qoşuldu. Bununla da Azərbaycan alimləri dövrün ən müasir nüvə elmləri, yüksək enerjilər fizikası sahəsində dünya alimləri ilə birlikdə bilikləri mənimsəmək və tədqiqatlar aparmaq imkanlarına malik oldular.

Azərbaycanın gələcəkdə nüvə ölkəsi olmasına ünvanlanmış və bu sahədə siyasi xəttini dünyaya bəyan etmək məqsədi ilə nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə dünya ölkələrinin fəaliyyətinin koordinasiya və tənzimlənməsinə xidmət edən BMT-nin nəznində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2001-ci ildən üzvü oldu.

Əfsuslar ki, ulu öndərimiz 2003-cü ildə cismən bizdən ayrıldı. Lakin Heydər Əliyevin yaratdığı böyük Azərbaycan abidəsi müstəqil, iqtisadi və siyasi qüdrətli halda yaşayır və onun özü isə hər bir azərbaycanlının qəlbində daimi yaşamaqdadır.

Ulu öndərin başladığı böyük yolu, təbii ki, yalnız Heydər Əliyev tərbiyəsini görmüş, onun siyasi xətti və strategiyasının ən yüksək bilicisi olan cənab İlham Əliyev davam etdirə bilərdi. Prezident İlham Əliyev ulu öndərin strateji xəttini dövrün tələblərinə uyğunlaşdıraraq inkişaf etdirir. Respublikada böyük infrastruktur, kommunikasiya, texnoloji və elmi-texniki layihələr icra olunmağa başladı. Prezident İlham Əliyev  Respublikanın gələcəyini xammal iqtisadiyyatından biliklər, yüksək texnologiyalara əsaslanmış iqtisadiyyata keçməkdə görərək buna nail olmaq üçün elmə əsaslanmış, uzaqgörən, dünya təcrübəsinə arxalanan özünəməxsus strateji xəttini həyata keçirir. Bu strategiyada hər bir tərkib hissənin həyata keçirilməsinə lazım olan iqtisadi, siyasi, sosial və digər faktorları nəzərə almaqla, zərgər dəqiqliyi ilə miqyas və vaxtının təyinatı aparılır. Bu prinsiplər əsasında Azərbaycanda kosmik, böyük miqyaslı infrastruktur və texnoloji layihələr həyata keçirilir. Ulu öndər siyasətində həmişə elm və təhsilə xüsusi yer ayrılırdı. Cənab İlham Əliyev də Azərbaycan Milli Elmlər Akademiyasına xüsusi diqqət yetirir, əməkdaşların əməkhaqqı və  Akademiya üzvlərinə verilən vəsait dəfələrlə artırılıb. Akademiyanın yubiley iclasında həmişə proqram xarakterli çıxışlarla iştirak edib. Akademiyanın nizamnaməsi dəyişdirilib və orada magistr hazırlığı aparılması üzrə lazımi sənədlər verilib və fəaliyyət göstərir. Azərbaycan Prezidenti müasir dövrün aktual və strateji elm sahəsi kimi nüvə elmlərinin, nüvə texnologiyalarının real şəraitə uyğun olaraq inkişaf etdirilməsi haqqında tarixi qərar verərək özünün dinc məqsədli nüvə strategiyasını bəyan etdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 8 may 2014-cü il 442 saylı sərəncamı ilə Azərbaycanda nüvə elmləri, nüvə texnologiyalarının respublikamızın milli mənafeyinə uyğun inkişafı məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu sərəncamla Azərbaycanda nüvə erasının başlanğıcı qoyuldu. Sərəncam həm də Azərbaycanın nüvə proqramı rolunu oynayır. Ölkə başçısının qarşıya qoyduğu vəzifələri həyata keçirərək “MNTM” QSC-nin strukturunun formalaşdırılması, ilkin praktiki və elmi fəaliyyət üçün lazım olan qurğu, avandanlıqlar qurulub istismarı təşkil olundu. Mərkəz nüvə elmləri sahəsində beynəlxalq nüvə mərkəzlərində yüksəkixtisaslı kadr hazırlığı və mürəkkəb nüvə çevrilmələri, nüvə toqquşmaları, detektə sistemlərinin işlənilməsi istiqamətində kollaborativ tədqiqatlar aparır. Artıq beynəlxalq səviyyədə tanınmış nüvə infrastrukturuna çevrilib.

Azərbaycan Respublikasının Prezidenti ölkəmizi iqtisadi, texnoloji, siyasi, hərbi və digər sahələrinin göstəricilərinə görə dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmaq üçün onun özünəməxsus və dünya siyasətçiləri tərəfindən yüksək qiymətləndirilən siyasi xətti həyata keçirir. Burada müasir, gənc və yüksək kvalifikasiyalı kadr potensialının formalaşmasına xüsusi yer verilir. Onun tərəfindən təkcə Müstəqil Dövlətlər Birliyi deyil, dünyanın inkişaf etmiş ölkələrində kadr hazırlığı üçün lazım olan bütün şərait yaradılıb. Elm və təhsilin vəhdəti və onların dünya səviyyəsinə qalxması üçün diqqət ayrılır. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Milli Elmlər Akademiyasına Heydər Əliyev məktəbinin layiqli nümayəndəsi, görkəmli dövlət xadimi və tanınmış alim Akademik Ramiz Mehdiyevi prezidentliyinə təklifi elmi ictimaiyyət tərəfindən elmin təşkili və inkişafı sahəsində real nəticələrə ünvanlanmış qərar kimi qəbul edilib və rəğbətlə qarşılanıb. İndi AMEA-da dərin struktur dəyişiklikləri, elmi istiqamətlərin seçimi və onların nəticəliliyinin təmin edilməsi, kadr hazırlığı və seçimi istiqamətində böyük işlər həyata keçirilir. Azərbaycan Milli Elmlər Akdemiyasında Azərbaycan Respublikası Prezidentinin Akademiyanın 70 illiyində qarşıya qoyduğu “Elm təkcə elm xətrinə deyil, iqtisadi, hərbi və digər sahələrdə respublikamızın təhlükəsizliyinə xidmət etməli” tapşırığının yerinə yetirilməsi istiqamətində böyük islahatlar aparılır.

Ümumiyyətlə, son illərdə Azərbaycan bütün sahələrdə qazandığı nailiyyətlər, inkişaf tempinə görə dünya ölkələri içərisində mövqeyinin artması göstərir ki, ulu öndərimiz özündən sonra Azərbaycan dövləti və dövlətçiliyi ilə yanaşı, onun ideya və siyasi xəttini daha da inkişaf etdirərək yerinə yetirən layiqli davamçısı olan dövlət başçısı da qoyub getdi. Azərbaycan xalqı tarix boyunca onu minnətdarlıq hissi ilə yad edəcək.

Adil QƏRİBOV, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, akademik

"Respublika" qəzeti, 7 may 2020-ci il

www.science.gov.az