sa sa 1746
D vitamini çatışmazlığı ilə COVİD-19 nəticəsində baş verən ölüm halları arasında asılılıq aşkar edilib May 14, 2020 | 10:30 / Maraqlı məlumatlar

ABŞ-nın Nortvestern Universitetinin alimləri Çin, Fransa, Almaniya, İtaliya, İran, Cənubi Koreya, İspaniya, İsveçrə, Birləşmiş Krallıq və ABŞ-nın xəstəxana və klinikalarından əldə etdikləri məlumatın statistik analizini yerinə yetiriblər. Tədqiqat nəticəsində müəyyən edilib ki, COVİD-19 nəticəsində ölüm hallarının yüksək olduğu İtaliya, İspaniya və Birləşmiş krallıq kimi ölkələrdən olan xəstələrdə vitamin D-nin səviyyəsi digərləri ilə müqayisədə aşağıdır. Belə bir fikir mövcuddur ki, səhiyyə sisteminin keyfiyyəti, yaşlı insanların say çoxluğu və ya koronavirusun müxtəlif ştamlarının olması əsas faktordur. Lakin Backman (Nortvestern Universitetinin Fiziki Genomika və Mühəndislik Şimal-Qərb Mərkəzinin direktoru və Onkoloji Mərkəzdə Elmi Tədqiqat Texnoogiyası və İnfrastruktur üzrə direktor müavini) bu məsləyə skeptik yanaşır. O qeyd edir ki, bu faktorlardan heç biri əhəmiyyətli rol oynamır. Tədqiqatlar nəticəsində alimlər D vitamininin səviyyəsi və sitokin fırtınası – ifrat aktiv immun  sistemin yaratdığı hiperiltihabi vəziyyət - arasında  və həmçinin D vitamini çatışmazlığı və ölüm hallarının artması arasında korelyasiya olduğunu aşkar ediblər. Sitokin fırtınası ağ ciyərlərin ciddi zədələnməsinə, kəskin tənəffüs pozulması sindromu və ölümə səbəb olur. COVİD-19 xəstələrinin əksəriyyətinin ölümünə səbəb olan da məhz budur. Backman hesab edir ki, vitamin D insanın anadangəlmə immun sistemini möhkəmlətməklə yanaşı onun ifrat aktiv olmasının da qarşısını alır və beləliklə, xəstələri COVİD-19-un törətdiyi fəsadlardan qoruyur. Bu fərziyyə uşaqların COVİD-19 xəstəliyinə daha az tutulmasının səbəbini də aydınlaşdırır. Belə ki, uşaqlarda ifrat reaksiyaya meylli olan qazanılan immun sistem tam inkişaf etməmişdir. Backman qeyd edir ki, D vitamininin hansı dozada qəbul edilməsinin daha məqsədəuyğun olduğunu söyləmək çətindir. Lakin aydındır ki, vitamin D çatışmazlığı zərərlidir və o asanlıqla müvafiq qida əlavələri ilə aradan qaldırıla bilər. Beləliklə, D vitamini çatışmazlığı daha çox müşahidə edilən və COVİD-19 xəstəliyinə daha çox tutulan Afrika mənşəli amerikalılara və yaşlılara kömək etmək üçün bu tədqiqatlar yardımçı ola bilər.