sa sa 2535
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir + Foto May 10, 2018 | 15:00 / Tədbirlər

10 may 2018-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan institutun  direktoru, akademik İradə Hüseynova bildirdi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi müdrik şəxsiyyət ona rəhbərlik etmişdir. Məhz onun səyi nəticəsində Azərbaycan müstəqil inkişaf, tərəqqi yolunda inamla addımlayır. 14 iyul 1969-cu ildə Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlmiş, beləliklə dövlətimizin həqiqi inkişafı da həmin gündən başlamışdır. Bir sıra daxili, xarici ünsürlərin təsirindən siyasətdən uzaqlaşmış ulu öndər xalqın təkidi, istəyi ilə 15 iyun 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürdü. Ölkənin çox ağır vəziyyətdə olduğu dövrdə belə çətin vəzifəni məsuliyyətlə icra etmiş Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, parlaq zəkası nəticəsində vətəndaş müharibəsi, böhranın qarşısı alınmış, siyasi sabitlik təmin edilmişdir. İradə xanım ulu öndərin Naxçıvandan Bakıya qayıtdıqda alimlərlə görüşünü xüsusi vurğulamış, onun elmə, təhsilə daim qayğı göstərdiyini bildirmişdir. Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü İlham Şahmuradov Heydər Əliyevin dünya tribunalarında cəsarətli nitqlərini xatırlamış, xalqımızın haqq səsini duyuran unikal şəxsiyyət olduğunu qeyd etmişdir. Professor Səftər Süleymanov ümummilli liderin ordu quruculuğundakı misilsiz xidmətlərindən bəhs etmişdir. Tədbirin yekununda İradə xanım müasir Azərbaycanın məhz Heydər Əliyevin – bütün həyatını doğma xalqına həsr etmiş, milli dövlətçiliyin əsasını qoymuş dahi liderin əməyinin bəhrəsi olduğunu qeyd etmişdir. Sonda ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.