AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyanın II kurs magistrantları ilə onlayn görüş keçirilib.
Görüşün keçirilməsində məqsəd II kurs magistrantların magistrlik dissertasiyalarının hazırlanması, təqdim edilməsi və müdafiəsi məsələlərinin müzakirəsi, həmçinin müdafiələrin pandemiya şəraitinin tələblərinə uyğun keçirilməsi olub.
İclasda idarənin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov, Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, şöbənin müdir müavini Ramin Həsənov və AMEA-nın II kurs magistrantları iştirak ediblər.
Görüşü Fail Kazımov açaraq AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) təhsilin təşkil edilməsi haqqında” sərəncamını xatırladıb. Qeyd edib ki, sözügedən sənəddə II kurs magistrantların elmi rəhbərlərinə fərdi iş planına uyğun olaraq tələbələrlə distant əlaqə saxlanılması və dissertasiya işlərinin vaxtında tamamlanması üçün elmi-metodiki məsləhətlərin verilməsi tapşırılıb. Fail Kazımov tədris planında nəzərdə tutulmuş fənləri tam mənimsəyən və müvafiq qiymət alan II kurs magistrantların bu il magistrlik dissertasiyasının müdafiəsinə buraxılacaqlarını diqqətə çatdırıb.
Hazırda magistrlik dissertasiyasının ilkin müzakirələrinin onlayn şəkildə aparıldığını deyən idarə rəisi əsas müdafiələrin koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə əməl etməklə ənənəvi yolla aparılacağını vurğulayıb.
Sonra idarənin rəis müavini H.Hüseynov pandemiya şəraitində elmi-pedaqoji təcrübələrin onlayn keçirilməsi prosesindən və bu təcrübənin tətbiqi əhəmiyyətindən söz açıb. O, keçirilən elmi-pedaqoji təcrübə hesabatının hazırlanması və qiymətləndirilməsində tətbiq olunan metodiki təcrübə barədə məlumat verib.
İclasda çıxış edən Magistratura şöbəsinin müdiri F.Feyziyev Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə Qərarı”nı diqqətə çatdırıb. O, bu qərarın pandemiya şəraitinin tələbələrinin tədris fəaliyyətinə mənfi təsirlərinin azaldılması üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. F.Feyziyev daha sonra magistrantlara dissertasiya işlərinin uğurla müdafiə olunması üçün metodiki tövsiyələrini verib.
Sonda magistrantların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
www.science.gov.az