sa sa 1962
Əziz İradə xanım! + Foto May 24, 2020 | 11:11 / Yubileylər

Sizi – AMEA-nın vitse prezidentini, Biologiya və Tibb Elmləri bölməsinin sədrini, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktorunu doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, elmi-pedaqoji fəaliyyətinizdə uğurlar, yeni yaradıcılıq nailiyyətləri arzulayırıq. Bu gün Sizin 55 yaşınız tamam olur. Rəqəm istər yuvarlaq olsun, istər qeyri-yuvarlaq, bunun heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, yaş üstünə yaş gəlir, yaşlanırsan və yaşlanırsansa demək Tanrının sənə bəxş etdiyi ömür payını doya-doya, yaşayırsan. Həyat eniş və yoxuşlarla, müxtəlif çətinliklər və qayğılarla doludur. Fiziki və ruhi harmoniya, optimizm bu problemləri aradan qaldırır. Yaşının üstünə yaş gəldikcə insan daha da müdrikləşir, daha yaxşı çalışmağa başlayır, insanları daha yaxşı dərk edir və başa düşür. İnsan yaşa dolduqca, zaman onun xeyrinə işləyir. Əgər həyatdan, insanlardan, doğmalarından ləzzət alırsansa, onların yaxşı gününü görmək üçün yaşamaq və çalışmaq istəyirsənsə, bu yaxşı günə inanırsansa, yaş heç nə edə bilmir.

Əzizimiz İradə xanım! Siz bir neçə ağır peşənin yükünü öz üzərinə məharətlə götürə bilən və bir ömrə üç uğurlu insan taleyini sığışdıra bilən ziyalılarımızdansınız: bioloq-alim, pedaqoq, və dövlət məmuru.  Bu gün Siz həm Biologiya və Tibb Elmləri Bölməsinin sədri və Molekulyar Biologiya və Biotexnologiyalar direktoru, həm alim, həm də pedaqoq kimi daim öz üzərinizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirsiniz. Bu gün əldə etdiyiniz elmi nailiyyətlər göz qabağındadır. Belə bir gündə çoxsaylı elmi əsərlərinizi, yetişdirdiyiniz tələbələrinizin sayını, onlarla elmi qurumlara üzvlüyünüzü, fəxri adlarınızı, vəzifələrinizi xatırlatmağa ehtiyac duymuruq. Bu gün MBBİ kollektivi olaraq Sizə - sevimli direktorumuza, dostumuza, istənilən an asanlıqla yaxınlaşıb problemimizi deyə biləcəyimiz və bu problemin mütləq bir şəkildə həll olunacağına inandığımız bir insana öz səmimi, ürək sözlərimizi bildirmək istəyirik. Siz tükənməz enerjiniz, yorulmaz fəaliyyətiniz və daim yeni yaradıcı zirvələri fəth etmək səyləriniz sayəsində bizim - rəhbərlik etdiyiniz kollektivin nəzərində əsil nikbinlik və xeyirxahlıq nümunəsisiniz. Müdrik bir kəlamda “İnsanlar zəif olduqları üçün ağlamazlar, uzun müddət güclü olmaq məcburiyyətində qaldıqları və sonda yorulduqları üçün ağlayarlar” deyilir. Arzu edirik ki, tutduğunuz yolda heç vaxt  yorulmayasınız, daim güclü olasınız.

Əziz İradə xanım! Bu xoş günündə Sizə arzulamaq istədiyimiz çox şey var. Amma bu həyatda insan üçün ən böyük sərvət Tanrının ona verdiyi sağlıq dolu ömür payıdır. Biz də MBBİ kollektivi olaraq Sizə doğum günündə Allahdan möhkəm can sağlığı, sağlam və mənalı ömür arzulayırıq. Qoy yaşınızın üstünə gələn hər il Sizin üçün unudulmaz, xoşbəxtliklərlə dolu olsun!

 

Dərin hörmətlə,

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi

24 may 2020-ci il