sa sa 1633
Gənc alimlərin Milli Qurtuluş Günü ilə bağlı onlayn elmi konfransı keçirilib + Foto İyn 16, 2020 | 09:53 / Mühüm hadisələr

Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Yeni Azərbaycan Partiyası AMEA Ərazi Təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycan xalqının Milli Qurtuluş Günü: vətəndaş həmrəyliyinin və milli dirənişin təntənəsi" mövzusunda onlayn elmi konfrans keçirilib.

Tədbiri GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq 1993-cü ildə ölkəmizin parçalanma təhlükəsi ilə üzləşdiyini və belə bir vaxtda ulu öndər Heydər Əliyevin xalqı bu bəlalardan xilas etdiyini söyləyib. O, ümummilli liderin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda yaranmış hərc-mərcliyin, vətəndaş müharibəsinin qarşısını aldığını deyib: "Dahi şəxsiyyətin siyasi iradəsinin nəticəsi olaraq qısa müddət ərzində atəşkəs elan olundu, ölkədə sosial və iqtisadi infrastruktur layihələrinin icrasına başlanıldı. "Əsrin müqaviləsi”nin bağlanması ilə bütün inkişaf etmiş dövlətlərin marağı respublikamıza yönəldi".

F.Salmanov vurğulayıb ki, Heydər Əliyevin hakimiyyəti dövründə təhsil sahəsində bir çox uğurlu islahatlar həyata keçirilib, inkişaf etmiş ölkələrin təcrübələri öyrənilib və azərbaycanlı gənclər dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərilib. Bununla yanaşı, təhsil sahəsində bir çox dövlət proqramları təsdiq olunaraq icra edilib. Məruzəçi ümummilli liderin Azərbaycanda elmin inkişafında da danılmaz xidmətləri olduğunu bildirib. F.Salmanov hazırda onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Sonra AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə çıxış edərək ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. O, ümummilli lider tərəfindən gender bərabərliyinin daim diqqət mərkəzində saxlanıldığını, müasir cəmiyyətimizdə gender zorakılığı hallarının qarşısının alınmasında dahi rəhbərin müdrik siyasətinin xüsusi rolu olduğunu qeyd edib. Bildirib ki, məhz həmin uzaqgörən siyasət nəticəsində cəmiyyətimizdə qadınlar üçün də bərabər hüquqlar təmin edilib: “Bu gün Azərbaycan qadınlarının ictimai-siyasi, mədəni həyatda rəhbər vəzifələrə təyin edilmək imkanları genişləndirilib, onların elmi-tədqiqat və təşkilati işlərə daha geniş cəlb olunması sanballı nəticələrini verib. Elmdə artıq qadın hərəkatı formalaşıb. Bütövlükdə akademiyada çalışanların 60 faizdən çoxu qadınlardır”.

Tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyası AMEA Ərazi Təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Mehvaliyeva, YAP AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, Qadınlar Şurası İdarə Heyətinin üzvü, fəlsəfə elmləri doktoru, dosent Ziba Ağayeva, Fiziologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova və Şərqşünaslıq İnstitutunun gənc alimi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı çıxış edərək Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını vurğulayıblar. 

science.gov.az