sa sa 1647
AMEA və Monpelye Universitetinin alimlərindən ibarət birgə komissiyanın onlayn görüşü keçirilib + Foto İyl 02, 2020 | 13:37 / Konfranslar, iclaslar

AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi əsasında 2020-2022-ci illər üçün elan edilmiş müştərək doktorantura proqramına namizədlərin seçimi üzrə birgə komissiyanın onlayn formatda görüşü keçirilib.

Onlayn görüşdə AMEA tərəfindən komissiyanın sədri – AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, üzvlər – AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak edib.

İclasda Monpelye Universitetini komissiyanın sədri – bu ali müəssisənin Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Patrick Caron, üzvlər – biologiya və ətraf mühit (CBS2 və GAİA) üzrə sahələrə məsul doktorluq təşkilatlarından professorlar Eric Julien və Valerie Micard, eləcə də universitetin Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Nadia Lagarde təmsil edib.

Müştərək doktorantura proqramına təqdim edilmiş mövzular üzrə ilkin seçim mərhələlərindən uğurla keçmiş namizədlər birgə komissiyanın qarşısında təqdimatla çıxış edib, komissiya üzvlərinin suallarını cavablandırıblar.

Fikir mübadiləsi məqsədilə AMEA və Monpelye Universiteti tərəfindən komissiya üzvlərinin ayrılıqda müzakirəsi keçirilib. Tərəflər yenidən bir araya gələrək qərarlarını təqdim edib və müzakirə əsasında ümumi nəticəyə gəliblər.

Seçilmiş namizədlər təhsil müddətinin 2 ilini Monpelye Universitetində, 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görülmək hüququ qazanırlar.

Qeyd edək ki, 2018-ci ildən bu proqram üzrə 4 doktorant təhsilini Monpelye Universitetində davam etdirir.

science.gov.az