sa sa 1615
AMEA ilə Fransanın Monpelye Universiteti arasında müştərək doktorantura proqramı uğurla həyata keçirilir İyl 15, 2020 | 14:50 / Görüşlər

AMEA ilə Fransanın Monpelye Universiteti (MU) arasında 2018-ci ildə imzalanmış əməkdaşlıq sazişi çərçivəsində müştərək doktorantura proqramı uğurla həyata keçirilir.

Sazişin şərtlərinə əsasən, tərəflərin ayrılıqda və birgə komissiyalarının müsahibəsindən keçən doktorantlar hər iki təşkilatda təhsil almaq hüququ qazanırlar. Təhsil müddəti bitdikdən sonra isə doktorantlar vahid müdafiə prosesini keçərək ikili diplomla təltif olunacaqlar. AMEA və MU-nun müştərək doktorantlarının ilk müdafiəsi 2021-ci il üçün nəzərdə tutulub.

Proqramın tələblərinə uyğun olaraq, hazırda 4 azərbaycanlı doktorant 2 il müddətinə təhsillərini MU-da davam etdirir, onların təhsillərinin 3-cü ili isə AMEA-da həyata keçiriləcək. Daha 2 doktorant 2020-ci il üzrə müsabiqənin qalibi kimi bu proqrama daxil edilib.

Lakin doktorantura səviyyəsində ikili diplom proqramı Azərbdaycanda yeni olduğundan, bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac var.  

Bu məqsədlə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Fail Kazımov və Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayevanın onlayn görüşü keçirilib.

Görüşdə ikili diplom üzrə Fransa təcrübəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”sinin müddəaları, onların AMEA və MU-nun müştərək doktorantura proqramına tətbiqi üzrə müzakirələr aparılıb. Həmçinin bu istiqamətdə təkliflərin hazırlanaraq AAK-la müzakirə edilməsi qərara alınıb.

Bundan başqa, onlayn görüşdə hazırda bu proqram üzrə təhsil alan doktorantlar, onların əldə etdiyi uğurlar və qarşılaşdığı problemlərə dair fikir mübadiləsi aparılıb.

science.gov.az