sa sa 1785
Bioloq alim: Azərbaycan dövləti tərəfindən koronavirusa qarşı qlobal mübarizədə mühüm addımlar atılır İyl 20, 2020 | 12:33 / Mühüm hadisələr

 

COVID-19 pandemiyası bəşəriyyəti hələ də təhdid edir. Yeni növ koronavirus insan həyatı üçün ciddi problemlər yaradıb. Onun mənfi fəsadları hələ uzun müddət hiss olunacaq qlobal sosial-iqtisadi və humanitar təhlükələr doğurub. Virusa qalib gəlməyin yolu isə dövlət və vətəndaş həmrəyliyindən çox asılıdır. Bu gün ölkəmiz müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərə görə dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilib və onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasının yayılmasına qarşı aparılan təxirəsalınmaz tədbirlər bunu bir daha təsdiqləyir. Azərbaycan dövləti tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə mühüm addımlar atılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Taliyə Orucova deyib.

O vurğulayıb ki, pandemiya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Dünya ölkələri koronavirusla mübarizə yolları axtardığı zamanda Azərbaycan Prezidenti qlobal çağırış etdi və dövlətləri vahid düşmənə qarşı birlikdə mübarizə aparmağa səslədi. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Ölkə başçısının qeyd etdiyi kimi, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə ölkələrin birgə əməkdaşlığına böyük ehtiyac var. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gəlmək mümkündür. Bu mövzunun BMT Baş Assambleyası çərçivəsində yüksək səviyyədə müzakirəsi, dünyanın üzləşdiyi sağlamlıq böhranının nəticələrinin yumşaldılması və aradan qaldırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi və nəticədə dünyada sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərinə ciddi töhfə verəcəkdir.

“Prezident İlham Əliyevin təşəbbüsü ilə belə bir Zirvə görüşünün keçirilməsi və görüşün sonunda Bəyannamənin qəbul olunması, Azərbaycanın qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaratması və bu körpünün möhkəm dayaqlara söykənməsinin sübutudur. BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir. Azərbaycan dövlət başçısının irəli sürdüyü bu təşəbbüs beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur və bu təşəbbüsü dəstəkləyən hər bir ölkə COVID-19 ilə mübarizədə maraqlı olan ölkədir”, - deyə T.Orucova vurğulayıb.

azertag.az