sa sa 1748
Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadirdir İyl 21, 2020 | 11:42 / Nəşrlər

İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya qurğularından istifadə edilərək Azərbaycan sərhədinin Tovuz ərazisində atəşkəs rejiminin ciddi şəkildə pozulması ilə başlanan gərginlik davam etməkdədir. Hər iki tərəfdən itkilər olub. Əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri olaraq Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni layiqincə yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Hazırda səslənən çağırışlar, göstərilən təşəbbüslər dövlətimizin siyasətinə uyğun şəkildə aparılmalıdır. Bu gün Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyini, siyasətini dəstəkləyir, ordumuzun gücünə arxalanır və tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə, doğma torpaqlarını düşmən tapdağından təmizləyəcəyinə inanır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Sultanova deyib. O bildirib ki, tarixboyu çətinliklərdən keçmiş, ağır sınaqlarla üzləşmiş Azərbaycan xalqı bu gün də bir yumruq tək sıx birləşməli, növbəti mübarizəsindən alnıaçıq çıxaraq bayrağımızı qədim ərazilərimiz olan Qarabağda dalğalandırmaqla qələbəyə nail olmalıdır. Bu günlərdə dünyanın bir çox ölkələrinin paytaxt şəhərlərində Ermənistan səfirlikləri qarşısında etiraz aksiyaları keçirilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Vətənin səsinə hər dəqiqə cavab verməyə və Prezidentimizin hər bir əmrini yerinə yetirməyə hazır olduqlarını bildirməklə vətənpərvərlik mövqelərini nümayiş etdirirlər. Tovuz hadisələrindən sonra yaşından, cinsindən və sosial vəziyyətindən asılı olmayaraq, vətəndaşlarımızın könüllü olaraq hərbi xidmətə yazılmaları, hər zaman Ali Baş Komandanın əmrini gözlədiklərini və onun ətrafında səfərbər olduqlarını bir daha nümayiş etdirir. Vətənpərvərlik hissləri qəlbimizi qürurla doldurur və zəfər günlərinə doğru inamla irəliləməyə ruhlandırır. Biz inanırıq ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi, xalqımızın birliyi və dəstəyi sayəsində tezliklə ölkəmizin ərazi bütövlüyünü tam şəkildə bərpa edəcəkdir.

science.gov.az