sa sa 1566
Akademik İradə Hüseynovanın əsgərə məktubu Okt 26, 2020 | 13:20 / Mühüm hadisələr

Əziz Azərbaycan əsgərləri!

Siz bu gün bir insan, bir oğul, bir vətəndaş kimi ən məsuliyyətli və ən şərəfli bir yoldasınız. Hər bir əsgər kiminsə oğlu, kiminsə atası, kiminsə qardaşı, kiminsə həyat yoldaşı, nişanlısı ola bilər, lakin hər bir əsgər eyni zamanda Vətən adlanan müqəddəs ananın övladıdır. Siz bu mehriban ana uğrunda döyüşə çıxmısınız, bu ananın namusunu qorumaq üçün sinənizi sipər etmisiniz. Bundan şərəfli nə ola bilər ki! Biz sizə inanırıq, çünki bilirik: heç kim və heç nə sizi bu müqəddəs yoldan döndərə bilməz!

Ürəyimizin Xocalı adlı daim qanı axan yarasını unutmayın, diri-diri dərisi soyulmuş qızcığazlarımızı, qarnına süngü taxılmış gəlinlərimizi unutmayın! Öz doğma torpağında iyrənc və vəhşi düşmənin amansız şərəfsizliyi ilə üzləşmiş körpələrin, ana-bacıların, qız-gəlinlərin ürək dağlayan fəryadını hər zaman qulaqlarınızda tutun! Qan yaddaşınızı korlaşmağa, nifrətinizi solğunlaşmağa qoymayın.

Arxanızda da, önünüzdə də Vətən torpağı var, şəhid məzarları var, əcdadlarımızın ruhları var, siz öz Vətəninizdə, öz torpağınızda, haqq-ədalət uğrunda vuruşursunuz. Arxanızda sizin qəhrəmanlığınızı, fədakarlığınızı, şücaətinizi heç zaman unutmayacaq, sizinlə qürurla fəxr edən xalqınız və dövlətiniz var, bu xalqı və dövləti xoş gələcəyə aparan Lideriniz var.

Qorxmaz Azərbaycan əsgərləri, siz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazırsınız. Bu millətin gələcək taleyi və şərəfi, dincliyi və əmin-amanlığı, dünya xalqları içərisində ad-sanı və imzası sizə əmanətdir. Başımız üzərində dalğalanan üçrəngli bayrağımız sizə əmanətdir. Və biz arxayınıq ki, əmanətlərimiz etibarlı əllərdədir. Çünki bizim xalqda heç zaman əmanətə xəyanət olmamışdır.

Əziz Azərbaycan əsgərləri! Biz sizinlə fəxr edirik, sizin cəbhədən zəfərlə və sağ-salamat dönməyiniz üçün daim dua edirik! İnanırıq ki, tezliklə torpaqlarımızı yağı düşmənin tapdağından xilas edəcəksiniz və şəhidlərimizin qanını yerdə qoymayacaqsınız.

Bilin ki, özümüz sizdən uzaqda olsaq da, ürəyimiz hər an sizinlədir. Uca Tanrı bu haqq yolunda daim yardımçınız olsun.

Səmimi hörmətlə,

Sizin

İradə Hüseynova

Akademik, AMEA-nın vitse-prezidenti