sa sa 3572
Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdov 27 avqust-8 sentyabr tarixlərində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olmuşdur + Foto Sen 09, 2018 | 16:15 / Mühüm hadisələr

Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar biologiya laboratoriyasının Kompüter kristalloqrafiyası qrupunun rəhbəri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdov 27 avqust-8 sentyabr tarixlərində  institutumuzda olmuşdur. Onun rəhbəri olduğu “Molekulyar quruluşların saflaşdırma və yoxlanılma metodları” mövzusunda elmi-tədqiqat proqramı AMEA Rəyasət Heyətinin 15 mart 2017-ci il tarixli 5/9 №-li Qərarı ilə AMEA RH tərəfindən maliyyələşdirilməyə başlanılmış və hazırda bu istiqamətdə ciddi tədqiqatlar aparılır. Görülən işlər haqqında laboratoriyada müzakirələr aparılmış və alim gənc əməkdaşlara öz tövsiyyələrini vermişdir.

  Sentyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) himayəsi ilə təşkil edilən  Pedaqoji Forumun (PF) növbəti-V dinləməsi keçirilib. Qərib Mürşüdov “Müasir Struktur Biologiyası və gələcək perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Dinləmədə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, professor-müəllimləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının, ali təhsil müəssisələrinin alim-mütəxəssisləri, təhsil ekspertləri, pedaqoji ictimaiyyətin nümayəndələri, qeyri-hökümət təşkilatlarının təmsilçiləri və təhsil sahəsindən yazan jurnalistlər iştirak ediblər. Professor Q.Mürşüdov öncə təqdimatın təşkilinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb. Təqdimatında Struktur Biologiya haqqında geniş danışan alim qeyd edib ki, bu elm sahəsi bioloji prosesləri, zülalların və molekulların quruluşunu öyrənir. Struktur Biologiya ötən əsrin 30-cu illərində yaranıb, son illər bu sahədə böyük uğurlar əldə edilib. Struktur Biologiya geniş perspektivlərə malikdir və gələcəkdə daha sürətlə inkişaf edəcəkdir. Tədbirə yekun vuran ADPU-nun rektoru Cəfər Cəfərov qeyd edib ki, yeni tədris ili ərəfəsində xalqımızın görkəmli alimi, professor Q.Mürşüdovla görüş keçirməyimiz olduqca təqdirəlayiqdir. Rektor maraqlı və məzmunlu təqdimata görə alimə təşəkkür edib və ona uğurlar arzulayıb.