Ana səhifəİnstitutun yaranma tarixi sa sa

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu 2016-cı ildə AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında yaradılmışdır. Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əsası isə 1971-ci ildə Az. SSR EA-nın Botanika İnstitutunda böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyev tərəfindən qoyulmuşdur.

Akademik Cəlal Əliyev keçən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, bioinformatika və kompüter biologiyasının bünövrəsini qoymuş, onların inkişafının başlıca istiqamətlərini müəyyənləşdirmiş və zəngin bir elmi məktəb formalaşdırmışdır. Akademik C.Əliyevin yaratdığı qrup 1974-cü ildə Fiziki-kimyəvi Biologiya sektorunun nəzdində Bioenergetikanın molekulyar əsasları laboratoriyasına çevrilmişdir. 1983-cü ildə laboratoriyanın bazasında Fotosintezin biokimyası, Gen mühəndisliyi, Fotosintetik aparatın molekulyar təşkili, Toxuma kulturası, Xloroplastların fotokimyası və Fotobiotexnologiya yaradıcı qruplarından ibarət Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları laboratoriyası yaradılmışdır. 1988-ci ilin sonunda bu qruplar müstəqil laboratoriyalara çevrilmiş və onların bazasında Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsi təşkil olunmuşdur. 1989-cu ildə şöbədə Bioinformatika laboratoriyası formalaşdırılmışdır. 2010-cu ildə şöbənin adı dəyişdirilərək, Bioloji məhsuldarlığın fundamental problemləri adlandırılmış və onun bazasında üç yeni laboratoriya – Fotobioenergetika, Hüceyrənin tənzimləyici sistemləri və Bioadaptasiya laboratoriyaları yaradılmışdır.  2012-ci ildə şöbənin nəzdində Azərbaycanda ilk dəfə olaraq iki beynəlxalq laboratoriya: Kömpüter struktur biologiyası və Molekulyar biotexnologiya laboratoriyaları yaradılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixində keçirilmiş Ümumi yığıncağında AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmiş, 2016-cı il martın 1-də İnstitut AR Ədliyyə Nazirliyində qeydiyyata alınmış və 2016-cı il iyulun 1-dən müstəqil fəaliyyətə başlamışdır. 2016-ci ildə İnstitutda 2 beynəlxalq laboratoriya: Proteomiks və Bionanotexnologiya laboratoriyaları, 2019-cu ildə Molekulyar biomühəndislik laboratoriyası yaradılmışdır. 2021-ci ildə AMEA Rəyasət Heyətinin 28 yanvar 2021-ci il tarixli 6/9 №-li qərarı ilə İnstitutun nəzdində Populyasiya genomiksi laboratoriyası yaradılmışdır.

Hazırda İnstitutda 14 laboratoriya, o cümlədən 5 beynəlxalq laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalarda tədqiqatlar beynəlxalq elmi mərkəzlər və universitetlərlə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.

İnstitutda 120 əməkdaş, o cümlədən 72 elmi işçi, 1 akademik, 4 nəfər AMEA-nın müxbir üzvü, 11 elmlər doktoru və professor, 21 nəfər biologiya üzrə fəlsəfə doktoru çalışır.

2019-cu ildən AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində molekulyar biologiya, biokimya, bitki fiziologiyası ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiələrinin təşkili məqsədilə ED 1.25 Dissertasiya şurası fəaliyyət göstərir. Dissertasiya şurasının tərkibi 18 nəfərdən ibarətdir. Dissertasiya şurasının nəzdində yuxarıda qeyd olunan ixtisaslar üzrə Seminar şurası fəaliyyət göstərir ki, onun tərkibinə hər ixtisas üzrə 7 nəfər olmaqla ümumilikdə 21 nəfər mütəxəssis daxildir.