sa sa 1529
20 Yanvar faciəsi + Foto Yan 19, 2021 | 09:07 / Mühüm hadisələr

Bu il xalqımız 20 Yanvar faciəsinin 31-ci ildönümünü qeyd edir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycan xalqını istiqlala aparan yolun ilk zirvəsidir. Həmin gün xalqımız sovet imperiyasının əsarətinə qarşı öz səsini ucaldaraq milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxdı. 1990-cı il yanvar faciəsinə aparan yol “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdüyü 1988-ci ildən başlayıb.

1990-cı il yanvarın 20-də Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasına, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı misli görünməmiş hərbi cinayət törədildi. Əhali arasında böyük itkilərə gətirib çıxarmış ordu əməliyyatından sonra Azərbaycanda matəm və ümummili tətil elan edildi.  O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə 20 yanvar hadisələrinə siyasi qiymət verilmişdi.

 Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan xalqı şəhidlər qarşısında öz mənəvi borcunu yerinə yetirib, şəhidlərimizin qanı yerdə qalmayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu işğal altında olan torpaqları azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. 44 gün davam edən Vətən müharibəsi xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin təcəssümü oldu. Bu qalibiyyət bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb və hər bir azərbaycanlı Vətənimizin azadlığı uğrunda şəhid olmağa hazırdır. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müs­tə­qil­liyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.