sa sa 1737
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan gəncləri gününə həsr olunmuş onlayn tədbir keçirilib + Foto Fev 02, 2021 | 15:21 / Tədbirlər

Fevralın 2-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan gəncləri gününə həsr olunmuş onlayn tədbir keçirilib. İnstitutun direktoru, AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova tədbiri açaraq gəncləri bayram münasibətilə təbrik edib.  Akademik bildirib ki,  2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət gənclər siyasətinin əsası ölkəmizdə məhz Ümummilli lider tərəfindən qoyulub. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıb. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1997-ci ildən Prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlayıb. Bugün Azərbaycan prezidenti İlham Əliyev əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasətini uğurla davam etdirir. Hazırda ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, elmin, təhsilin inkişafı, ölkəmizin siyasi və iqtisadi yüksəlişində gənclərin rolu böyükdür. Bu il bizim üçün həm çox çətin, həm də sevincli, unudulmaz, fərəhli bir il olub. Bugün biz Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədə gənclərimizin rolunu xatırlamaya bilmərik. Allahdan bütün şəhidlərimizə rəhmət və yaralı qazilərimizə şəfa diləyirik. Azərbaycan gəncliyi sübut etdi ki, o ölkə quruculuğunda, ölkəmizin iqtisadiyatı, elmi və mədəniyyətinin inkişafında fəal olmaqla yanaşı, lazım gəldikdə əlinə silah götürüb canı bahasına Vətənini müdafiə etməyə də hazırdır.

Akademik qeyd edib ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivinin böyük əksəriyyətini gənclər təşkil edir və bizim vəzifəmiz onların yüksək səviyyədə inkişaf etməsinə nail olmaqdır. Biz institutumuzdakı gənclərin nailiyyətləri ilə fəxr edirik. Gənclərimizin istər təhsildə, istərsə də elmi fəaliyyətdə göstərdiyi nəticələr bizi sevindirir. Onlar həm yerli, həm də beynəlxalq konfranslarda fəal iştirak edir və elmi işlərinin nəticələri nüfuzlu elmi jurnallarda nəşr olunur. İnstitutumuzun magistraturasının məzunları Oksford, Monpelye, İstanbul universitetlərində təhsillərini davam etdirir.

Tədbirdə akademiyanın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva,  Təhsil şöbəsinin müdiri Samirə Rüstəmova, Gənc Alim və Mütəxəssislər şurasının sədri Ulduza Qurbanova gənclərə ürək sözlərini deyərək onları bayram münasibətilə təbrik edib. Gənclər adından çıxış edən  Afət Mustafazadə, Aynurə Paşayeva, Nərgiz Bayramova, Aytac Mürşüdzadə, Nigar İsmayılova, Nigar Hacıyeva, Rəfiqə Məsməliyeva, Elvin Qasımov və b. onlara göstərilən diqqət və qayğıya görə başda İradə xanım olmaqla bütün kollektivə minnətdarliqlarını bilidiriblər.

Tədbirin sonunda elmi fəaliyyətindəki uğurlarına və institutun ictimai həyatındakı fəallıqlarına görə bir qrup gəncə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun rəhbərliyi və Həmkarlar təşkilatı  tərəfindən sertifikatlar və pul mükafatları təqdim olunub. İlin magistrantı nominasiyası üzrə Aytac Mürşüdzadə, ilin gənci kimi Gülmirə Əlibəyova və Əsmər Hüseynova seçilib. İlin gənc tədqiqatçısı kimi 3-cü yerə Leyla Xəlilova və Səbinə Ömərova, 2-ci yerə Aynurə Paşayeva və Nərgiz Bayramova, 1-ci yerə isə Rəfiqə Məsməliyeva layiq görülüb.

Tədbir qeyri rəsmi hissə ilə davam etdirilib.