sa sa 1546
AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov YAP-ın Veteranlar Şurasına üzv seçilib Mart 10, 2021 | 12:19 / Mühüm hadisələr

Martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Sevindirici haldır ki, bu tərkibə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Veteranlar şurasının sədri, Xloroplastların Fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizovun da adı daxil edilib. YAP-ın yaradılmasında AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun özünəməxsus töhfəsi olmuşdur, məşhur “91-lər”in 5 nəfəri məhz bu İnstitutun nümayəndəsidir. İbrahim Əzizov da ölkənin ən ağır vaxtlarında - 1992-ci ildə ölkənin qurtuluş yolunu yalnız ulu öndər Heydər Əliyevdə görən, Onun Azərbaycanda hakimiyyətə qayıdışı üçün müraciətə imza atan məşhur 91 nəfər ziyalıdan biridir. Qeyd edək ki, bütün həyatını Azərbaycanda biologiya elminin inkişafına həsr etmiş İbrahim Əzizov fotosintezin fiziologiyası sahəsində tanınmış mütəxəssisdir.

İnstitutun kollektivi adından İbrahim müəllimi ürəkdən təbrik edir, elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.