Təbiətin oyanış fəsli yazın müjdəçisi olan Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur. Novruz bayramı xalqın birliyində, onun milli dəyərlərinə sadiq qalmasında, ənənələrin yaşadılmasında müstəsna əhəmiyyətə malik olmuşdur. Bu gün Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad edərək böyük qələbə qazanan xalqımız Novruzun gəlişini sonsuz sevinc və fərəh hissi ilə qeyd edir. Torpaqlarımızın azadlığı naminə canlarından keçmiş Azərbaycan övladlarının xatirəsi bu əziz günlərdə bir daha ehtiramla yad olunur. Əminik ki, Azərbaycanın qazandığı bu böyük zəfər şəhidlərimizin ruhunu şad edəcəkdir. Qoy bu Novruz arzularımızın çiçəkləndiyi, diləklərimizin həyata keçdiyi il kimi tarixin yaddaşına yazılsın.
Novruz bayramınız mübarək olsun!