sa sa 1567
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elm günü qeyd olunub + Foto Mart 27, 2021 | 16:37 / Konfranslar, iclaslar

Martın 27-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının onlayn formatda növbəti iclası keçirilib. Elmi şuranın sədri, institutun direktoru, akademik İradə Hüseynova iclası açaraq 27 Mart Elm günü münasibətilə Elmi şuranın üzvlərini təbrik edib. Akademik qeyd edib ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb və o gündən etibarən Elm günü Azərbaycanda qeyd olunur. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.  Akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alimlərinin nəinki Azərbaycan elminə xüsusi töhfələr verdiyini, respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində və müasir Azərbaycan dövlətinin quruculuğunda da fəal iştirak etdiyini vurğulayaraq Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalının içərisində məhz bizim institutun alimlərinin də olduğunu qeyd edib. İclasda həmçinin akademiyanın mübir üzvləri İbrahim Əzizov, İlham Şahmuradov, Tərlan Məmmədov, b.e.d. Səyyarə İbadova və b.ü.f.d. İsmayıl Zülfüqarov çıxış edərək Azərbaycan elminin qarşısında duran vəzifə və problemlərdən söz açıblar. Akademik İradə Hüseynova iclasın gündəliyində duran məsələlərlə şura üzvlərini tanış edərək Elm günü münasibətilə silsilə tədbirlərin keçiriləcəyini qeyd edib. Daha sonra institutun Elmi şurasının və həmçinin Gənc Alim və Mütəxəssislər şurasının tərkibində qismən dəyişiklik edilməsi, Ukrayna Milli Elmlər Akademiyasının Bitkilərin fiziologiyası və genetika İnstitutunun Bitkilərin genetik Yaxşılaşdırılması şöbəsinin böyük elmi işçisi, b.e.d., professor Yakimçuk Ruslan Andreyeviçin Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə seçkilərdə “Bitki genetikası” ixtisası üzrə namizədliyinin dəstəklənməsi barədə və bir sıra digər məsələlər müzakirə olunub. Müzakirəyə çıxarılan məsələlər haqqında müvafiq qərarlar qəbul olunub.