sa sa 1638
“Biologiya və tibbdə multi-OMİKS yanaşmalar” mövzusunda elmi seminar keçirilib. + Foto Mart 29, 2021 | 17:10 / Seminarlar

Martın 29-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “27 mart – Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində onlayn formatda  elmi seminar keçirilib. Seminarda İnstitutun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, Cənubi Koreya Respublikası Pusan Milli Universitetinin tədqiqatçı-professoru, b.ü.f.d. İsmayıl Zülfüqarovun “Biologiya və tibbdə multi-OMİKS yanaşmalar” mövzusunda məruzəsi dinlənilib. Tədbirdə MBBİ əməkdaşları ilə yanaşı Botanika, Genetik Ehtiyatlar, Biofizika, Torpaqşünaslıq və Aqrokimya, Mərkəzi Nəbatət bağı, Zoologiya, Dendrologiya, Mikrobiologiya, İnformasiya texnologiyaları və A.Qarayev adına Fiziologiya institutunun alimləri də  iştirak edib. Məruzəçi qeyd edib ki, texnologiya inkişaf etdikcə fenomiks, lipidomiks, katalomiks, konnektomiks kimi yeni terminlər meydana gəlir. Bioloji sistemlər haqqında daha geniş bilik əldə etmək üçün omiks texnologiyaların tətbiqi zəruridir. O bildirib ki, genomiks orqanizmin genomu, o cümlədən, genlər, ekzonlar, intronlar, promotorlar, transkripsiya faktorları, və bir çox genomla bağlı funksiyaları tədqiq edən texnologiyalardan ibarətdir. Alim orqanizmin transkriptomunu tədqiq edən transkriptomiks, ikincili metabolitləri tədqiq edən texnologiya kimi metabolomiks haqqında danışıb və həmçinin müxtəlif xəstəliklərin öyrənilməsində multi-OMİKS texnologiyaların tətbiqindən, bu tədqiqatlarda istifadə edilən alətlərdən, multi-OMİKS vasitəsilə yeni texnologiyaların işlənib hazırlanması perspektivindən söz açıb. İ.Zülfüqarovun çıxışı seminar iştirakçılarının böyük marağına səbəb olub. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Daha sonra məruzəçi verilən sualları cavablandırıb.