sa sa 1341
Erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi soyqırımından 103 il ötür Mart 31, 2021 | 09:23 / Mühüm hadisələr

İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycanlılara qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürür, böyük fəlakətlər törədirlər. Demək olar ki, iyirminci əsr başdan-başa azərbaycanlıların kütləvi qırğınları, yerini-yurdunu tərk etmələri, sürgünlük taleyi yaşamaları ilə müşayiət olunmuşdur. 1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953 və 1988-ci ildən bəri baş verən hadisələr erməni faşizminin, vəhşiliyinin bariz nümunəsidir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Xalqımıza, türk dünyasına qarşı erməni daşnaklarının həyata keçirdiyi soyqırımı siyasətinin bir məqsədi olub: işğal olunmuş türk torpaqları hesabına "Böyük Ermənistan" dövləti yaratmaq.

1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.

Bu gün biz düşməndən üstün olduğumuzu, onu məhv etmək gücünə malik olduğumuzu, güclü dövlətimiz və ordumuzun olduğunu bir daha sübut etdik. Belə faciələrin təkrar olunmaması üçün Azərbaycan xalqı 44 gün davam edən Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdiyi birliyi möhkəm qorumalı, hər bir Azərbaycanlı Vətənimizin tərəqqisi üçün əzmlə çalışmalıdır.