sa sa 1574
“Hesablama və kompüter elmləri metodlarının bioloji elmlərə bəzi tətbiqləri” mövzusunda elmi seminar keçirilib. + Foto Mart 31, 2021 | 19:04 / Seminarlar

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “27 Mart-Elm günü”nə həsr olunmuş silsilə tədbirlər davam edir. Martın 31-də İnstitutun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama kristalloqrafiyası qrupunun rəhbəri f.-r.ü.f.d., prof. Qərib Mürşüdovun “Hesablama və kompüter elmləri metodlarının bioloji elmlərə bəzi tətbiqləri” mövzusunda onlayn formatda elmi seminarı keçirilib. Seminarda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları ilə yanaşı, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institutlarının və həmçinin İnformasiya Texnologiyaları institutunun alimləri də iştirak ediblər. Məruzəçi müasir dövrdə hesablama struktur biologiyasının rolu, məqsədi,  tələb olunan resurslar və mövcud məlumat bazaları haqqında geniş məlumat verib. Q. Mürşüdov Azərbaycanda rəhbərlik etdiyi Hesablama struktur biologiyası qrupunun fəaliyyəti, kadr hazırlığı və gələcək planları haqqında seminar iştirakçılarını məlumatlandırıb. O qeyd edib ki, artıq Azərbaycanda hesablama struktur biologiyası üzrə tədqiqatların bünövrəsi qoyulub. Hazırda MBBİ-də belə bir qrup mövcuddu və qrupun fəaliyyəti getdikcə genişlənir. İndi vəzifə bu elmin Azərbaycanda inkişafına nail olmaqdır. Alim dünya elm şəbəkəsində iştirakın mühümlüyünü vurğulayıb. Sonra məruzəçi verilən sualları cavablandırıb. Seminar iştirakçıları məruzə ətrafında çıxış edərək Qərib Mürşüdovun bu istiqamətdə apardığı tədqiqatları yüksək qiymətləndiriblər.