sa sa 1659
MBBİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib + Foto Apr 02, 2021 | 14:45 / Konfranslar, iclaslar

Aprelin 2-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) iclası keçirilib. İnstitutun elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədovun sədrliyi ilə keçirilən iclasda GAMŞ-nın üzvləri ilə yanaşı, İnstitutun direktoru akademik İ.Hüseynova, AMEA-nın müxbir üzvü, professor İ.Əzizov, İnstitutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru D.Əliyeva da iştirak ediblər. İclasda İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibinin formalaşdırılması, yaş həddi ilə əlaqədar şuranın hazırkı sədri Ulduzə Qurbanovanın işinə xitam verilməsi, şuraya yeni sədr, müavin və katibin seçilməsi məsələləri müzakirə olunub. Gənclər təşkilatının fəaliyyətini yüksək qiymətləndirən AMEA-nın müxbir üzvü İ.Əzizov gənclərin institutun elmi və ictimai həyatındakı aktiv rolunu yüksək qiymətləndirib. Akademik İradə Hüseynova məlumat verib ki, GAMŞ-nın sədri Ulduzə xanım eyni zamanda İnstitutun Elmi şurasının üzvü, Dissertasiya şurasının elmi katibi, AMEA-nın vitse-prezidentinin xidmətinin aparıcı mütəxəssisidir. Doktorluq işi üzərində çalışan U. Qurbanova elmi fəaliyyəti ilə yanaşı, AMEA YAP ərazi təşkilatının sədri vəzifəsini də uğurla yerinə yetirir. Akademik İ. Hüseynova yeni seçilən rəhbərliyin U. Qurbanovanın təcrübəsindən nümunə götürəcəyinə inamını ifadə edib.

Daha sonra GAMŞ-ın yeni tərkibinin formalaşdırılması məqsədilə şuranın sədri, sədr müavinləri və katibi vəzifəsinə gənclər tərəfindən irəli sürülən namizədlərin elmi və ictimai fəaliyyəti haqqında iclas iştirakçılarına məlumat verilib, açıq səsvermə keçirilib. Səs çoxluğu ilə GAMŞ-nın sədri vəzifəsinə Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Nərgiz Bayramova, sədr müavinləri vəzifəsinə Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Aygün Sadıqova və Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Sabina Ömərova, şuranın katibi vəzifəsinə isə Molekulyar biomühəndislik laboratoriyasının magistrantı Aytac Mürşüdzadə seçilib.

Tədbirin sonunda akademik İradə Hüseynova gəncləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb