sa sa 1247
“Bitki fiziologiyası” ixtisası üzrə dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib + Foto May 25, 2021 | 19:24 / Mühüm hadisələr

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bioadaptasiya laboratoriyasının elmi işçisi Lalə Aydınlının 2411.02-“Bitki fiziologiyası” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Buğda genotiplərində quraqlıq stresi və rehidratasiya zamanı antioksidant müdafiə sisteminin və fotosintetik aktivliyin tədqiqi” mövzusunda dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib. İddiaçı dissertasiya işinin əsas müddəalarını şərh edib, işin aktuallığı, məqsədi, aparılan işlərin məzmunu və aldığı nəticələr barədə ətraflı məlumat verib.

Rəyçilər – AMEA-nın həqiqi üzvü, professor Validə Əlizadə və biologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Adbulbaqiyeva dissertasiya işinin yüksək səviyyədə yerinə yetirildiyini və beynəlxalq tələblərə cavab verdiyini qeyd ediblər. Sonra dissertasiya ətrafında müzakirələr aparılıb. Biologiya elmləri doktoru Yaşar Feyziyev, biologiya üzrə fəlsəfə doktorları Sədaqət Əsədova, Mayaxanım Xanışova, Mahirə Məmmədova, Xuraman Xəlilova, Fəzilə Qasımova dissertanta təklif və rəylərini bildiriblər. Daha sonra müzakirə edilən dissertasiya işinin elmi rəhbəri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova mövzu ətrafında müzakirələrin yüksək səviyyədə aparıldığından razı qaldığını qeyd edərək seminar iştirakçılarına təşəkkürünü bildirib.

Sonda Elmi seminarın üzvləri tərəfindən açıq səsvermə yolu ilə “Buğda genotiplərində quraqlıq stresi və rehidratasiya zamanı antioksidant müdafiə sisteminin və fotosintetik aktivliyin tədqiqi” mövzusunda dissertasiya işi yekdilliklə müsbət qiymətləndirilib və ED 1.25 Dissertasiya şurasında müdafiəyə təqdim edilməsi tövsiyə olunub.