İyunun 30-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED1.25 Dissertasiya Şurasının iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova gündəlikdə duran məsələ haqqında məlumat verib. Akademik iclasın Bioadaptasiya laboratoriyasının elmi işçisi Lalə Aydınlının 2411.02-“Bitki fiziologiyası” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Buğda genotiplərində quraqliq stresi və rehidratasiya zamanı antioksidant müdafiə sisteminin və fotosintetik aktivliyin tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirib.
Dissertasiya şurasının sədri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov qeyd edib ki, 18 nəfərdən təşkil olunmuş Dissertasiya şurasının 17 üzvü iclasda iştirak edir. O qeyd edib ki, dissertasiya işi MBBİ-nin direktoru, AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynovanın rəhbərliyi altında yerinə yetirilib.
Daha sonra Dissertasiya Şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduza Qurbanova iddiaçının şəxsi işində olan məlumatlarla şura üzvlərini tanış edib.
İddiaçı mövzunun aktuallığı, qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında məlumat verib. Bildirib ki, dissertasiya işinin əsas məqsədi quraqlığa davamlılığına görə fərqlənən yumşaq buğda (Triticum aestivum L.) genotiplərində su qıtlığı və təkrar suvarmadan sonra bərpa prosesləri zamanı baş verən fizioloji-biokimyəvi dəyişikliklərin tədqiqi olmuşdur. İlk dəfə olaraq Azərbaycanda quraqlıq stresinə və təkrar suvarmaya məruz qalmış yumşaq buğda genotiplərində fotosintetik qaz mübadiləsi göstəriciləri tədqiq olunmuşdur.
Disssertasiya işinin rəsmi opponentləri AMEA-nın müxbir üzvü, Xəlil Qasımov, biologiya elmləri doktoru, professor Vilayət Abdıyev, biologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Xəlilova öz çıxışlarında tədqiqat işinin bitki fiziologiyası sahəsində aparılmış tamamlanmış, dolğun, əhatəli iş olduğunu bildiriblər. Opponentlər dissertasiya işinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) fəlsəfə doktoru dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyini, iddiaçının “Bitki fiziologiyası” ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu bildiriblər, eləcə də irad və tövsiyələrini nəzərə çatdırıblar.
Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvləri Tərlan Məmmədov, Novruz Quliyev, elmlər doktorları Şahniyar Bayramov, Yaşar Feyziyev, Tatyana Savçenko, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Qərib Mürşüdov və b. dissertasiya işinə dair sual, təklif və tövsiyələrini diqqətə çatdırıblar. Çıxış edənlər iddiaçının yerinə yetirdiyi tədqiqat işinin aktual mövzuya həsr edildiyini, elmi-praktiki baxımdan maraq doğurduğunu və elmi yeniliyə malik olduğunu bildiriblər.
İddiaçının yekun sözləri dinlənildikdən sonra AAK-ın rəsmi saytında “Şəxsi kabinet”ə daxil olmaqla gizli elektron səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Lalə Aydınlıya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.