sa sa 1102
Qurban bayramınız mübarək olsun! İyl 20, 2021 | 08:12 / Mühüm hadisələr

Bu gün İslam aləminin ən müqəddəs bayramlarından biri – Qurban bayramıdır. Azərbaycanda mütərəqqi islami dəyərlər və ənənələr həmişə uca tutulmuşdur. Bu gün ay-ulduzlu bayrağımızı doğma torpaqlarımızda dalğalandıran da xalqımızın qoruyub saxladığı bu dəyərlərdir. Hər zaman öz mənəvi miraslarını qoruyan, İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini nümayiş etdirən Azərbaycan xalqı əsrlər boyu, hətta tarixin ən mürəkkəb dövrlərində belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. Vətən müharibəsində bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canından keçməyə hazır olduğunu göstərdi. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsidir. Bu müqəddəs bayram günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad etmək, hər birimizin mənəvi borcudur. Məhz onların fədəkarlığı sayəsində bu gün Azərbaycan xalqı bu müqədəs bayramı qalib kimi qeyd edir. Qoy bu əziz bayram Azərbaycan xalqına sağlamlıq, dinclik, bolluq və bərəkət gətirsin.