sa sa 1053
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib + Foto Sen 16, 2021 | 19:46 / Konfranslar, iclaslar

Sentyabrın 16-da AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Elmi şuranın sədri – akademik İradə Hüseynova gündəlikdəki məsələlərlə şura üzvlərini tanış edib. İclasın gündəliyində ölkədə yayılan Covid 19 infeksiyası ilə əlaqədar institut əməkdaşlarının vaksinasiyaya cəlb olunması, pandemiya ilə əlaqədar ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində əməkdaşların işə davamiyyəti,  2021-ci ilin qəbul planına əsasən İnstitutun fəlsəfə doktoru hazırlığı üzrə doktoranturasına və dissertanturasına sənəd təqdim etmiş namizədlər və institutun magistraturasına qəbul olunmuş tələbələr haqqında məlumat, kadr hazırlığı çərçivəsində həyata keçirilən işlər və s. məsələlər daxil edilib. Kadr hazırlığı sahəsindəki uğurlardan söz açan AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik İradə Hüseynova bildirib ki, institutun əməkdaşları – Molekulyar biomühəndislik laboratoriyasının kiçik elmi işçisi A.-Ş.Həsənova Turkiyə Respublikasının Akdeniz Universitetinə, Populyasiya genomiksi laboratoriyasının böyük laborantı F.Kuryayeva Turkiyə Respublikasının Bilecik Şeyh Edebali Universitetinə, Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının elmi işçisi G. Qarayev Fransanın Grenoble Politexnik İnstitutuna, Fotobioenergetika laboratoriyasının kiçik elmi işçisi Ç.Ələkbərova Fransanın Monpelye Universitetinə ezam olunublar. Təhsil şöbəsinin müdiri b.ü.f.d., dosent S.Rüstəmova institutunda magistr pilləsi üzrə 2021/2022-ci tədris ili üçün Molekulyar biologiya, Biotexnologiya və Biokimya ixtisaslatı üzrə tədris planları haqqında məlumat verib. O bildirib ki, 2021-ci tədris ilində institutda magistraturaya Molekulyar biologiya ixtisası üzrə 3 nəfər, Biotexnologiya ixtisası üzrə 3 nəfər, Biokimya ixtisası üzrə isə 4 nəfər tələbə daxil olub. İclasda institutun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası və Populyasiya genomiksi laboratoriyaları üzrə vakant olan laboratoriya müdiri vəzifələrinin tutulması üçün müsabiqədə iştirak edən AMEA-nın müxbir üzvü, professor N.Quliyevin və b.ü.f.d., dosent N.Müstafayevin namizədliyi müzakirə olunaraq onların müvaqfiq vəzifələrə təsdiq olunması ilə əlaqədar AMEA Biologiya və Tibb Elmləri Bölməsi qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul olunub. Daha sonra 27 sentyabr – Anım günü ilə əlaqədar həyata keçiriləcək tədbirlər və digər məsələlər ətraflı müzakirə olunaraq müvafiq qərarlar verilib.