sa sa 1071
Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri 27 Sentyabr Anım Gününü qeyd ediblər + Foto Sen 22, 2021 | 15:00 / Mühüm hadisələr

Artıq  İkinci Qarabağ müharibəsiVətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatı adlandırılan  tarixi hadisənin başlanmasından bir il ötür. Tam bir il öncə səhər saatlarında Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca Ermənistan silahlı qüvələri tərəfindən pozulan atəşkəs nəticəsində qarşıdurma yaranmışdı. Düşmən cavab atəşi ilə susdurulmuş və ardınca Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab İlham Əliyevin əmri ilə ölkədə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edilmişdi. Müzəffər ordumuz durmadan irəliləyir, 30 ilə yaxın əsarət altında olan torpaqlarımızı qarış-qarış, kənd-kənd düşmən tapdağından azad edirdi. Müharibə təkcə ön cəbhədə deyil, həm də arxa cəbhədə informasiya sahəsində gedirdi. Bu sahədə gənclərin adını xüsusi qeyd etmək lazımdır. Həm xaricdə, həm də ölkə daxilində yaşayan gənclər dünyaya haqq səsimizi çatdırmaq üçün var qüvvələri ilə çalışdılar. 44 gün davam edən Vətən müharibəsi zamanı döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən döyüş bölgələrinə deyil, həm də dinc əhalinin yaşadığı ərazilərə də raket zərbələri endirir, onlarla mülki səxslərin ölümünə səbəb olurdular. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Vətən müharibəsində verdiyimiz 2895 şəhidin qanı yerdə qalmadı və 44 günlük mühabirə 10 Noyabr tarixində Azərbaycanın qələbəsi ilə başa çatdı.

Vətən müharibəsinin başladığı tarixdən 1 il ötməsinə sayılı günlər qalır. Keçdiyimiz zəfər yoluna nəzər salmaq, şəhidlərimizi anmaq məqsədilə 22 sentyabr tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun gənc əməkdaşları – Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Hərbi Qənimətlər Parkını ziyarət edərək, 44 günlük müharibə dövründə düşməndən qənimət götürülmüş silah və hərbi texnika ilə tanış olublar. Eyni zamanda II Fəxri Xiyabanda Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhid məzarları  ziyarət edilib.

Daha sonra institutda şəhidlərin əziz xatirəsinə həsr olunmuş Anım mərasimi keçirilib. Əvvəlcə İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü  İbrahim Əzizov torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildiyini vurğulayıb. O, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun qüdrəti sayəsində işğal altında olan torpaqlarımızın geri qaytarılmasının dövlətçilik tariximizin ən şərəfli səhifəsi olduğunu qeyd edib. Daha sonra çıxış edən institutun elmi işlər üzrə direktor müavini Ələmdar Məmmədov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova, b.e.d., dosent Şahniyar Bayramov, b.ü.f.d. Səmra Mirzəyeva və başqaları Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramlarını bildiriblər.