sa sa 3647
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda – “Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilib + Foto Okt 05, 2021 | 14:46 / Tədbirlər

Oktyabrın 5-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda – “Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilib. Bu münasibətlə institutun rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda görkəmli şəxsiyyət, böyük alim-pedaqoq Cəlal Əliyevin məzarını ziyarət ediblər. AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova Cəlal Əliyevlə bağlı xatirələrini bölüşüb. İnstitutun əməkdaşları, Cəlal müəllimin tələbələri onun məzarı önünə gül dəstələri qoyublar. Daha sonra tədbir institutda davam etdirilib. Akademik İradə Hüseynova qeyd edib ki, Cəlal Əliyev məktəbinin yetirmələrinin qazandığı nailiyyətlər məhz müəllimlərinin diqqəti, qayğısı və fədakar əməyinin nəticəsidir. Sevindirici haldır ki, vaxtilə Cəlal Əliyev məktəbinin tələbəsi olan hazırkı alimlərimiz yeni alim nəsli yetişdirir və bu çətin, şərəfli işdə öz müəllimlərinə layiq olmağa çalışırlar.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, İlham Şahmuradov, Novruz Quliyev, Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Samirə Rüstəmova, b.ü.f.d. Sədaqət Əsədova, və gənc müəllimlərdən Günay İsmayılova nüfuzlu və şərəfli müəllim peşəsinin hər birimizin həyatında tutduğu yerdən bəhs ediblər. Müəllimlərə xalq arasında böyük hörmət və ehtiram var və gələcəkdə də belə olacaq. 5 Oktyabr dünyanın 100-dən artıq ölkəsində müəllimlərin peşə bayramı kimi qeyd edilir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev vermişdir. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndərin siyasi kursunun uğurlu davamçısı, möhtərəm prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşır. Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər.

Müəllim gününə həsr olunmuş tədbir çay süfrəsi ilə davam etdirilib.

Bayramınız mübarək, əziz müəllimlər!